"Azərbaycanın sürətli inkişaf dövrü Milli Qurtuluş Günü ilə başlayıb" MÖVQE-ÖZƏL

12 İyun 2019 11:05 (UTC+04:00)

“1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa edən Azərbaycanda bir-birini əvəz edən səriştəsiz rəhbərlərin şəxsi maraqlarını dövlət mənafeyindən üstün tutmaları ölkədə xaosun yaranmasına, özbaşınalığın hökm sürməsinə, real vətəndaş qarşıdurmasına səbəb olmuşdu. Ölkənin taleyi, xaosdan xilası, nicatı möcüzədən asılı vəziyyətdə qalmışdı. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan müstəqilliyini itirmək təhlükəsindən azad etdi, öz nicatını görkəmli siyasətçinin hakimiyyətə qayıdışında tapdı”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

O bildirib ki, Ümummilli liderin Naxçıvandan Bakıya, böyük siyasətə qayıdışı şərəfli xilaskarlıq missiyasını yerinə yetirməsi parcalanmaq, dağılmaq təhlükəsi ilə qarşı-qarşıya duran Azərbaycanı xalqa qaytardı.

Deputat söyləyib ki, Azərbaycanın inkişafı, müstəqilliyi Ulu Öndərin uzaqgörən, praqmatik siyasəti nəticəsində ölkəmizin dövlətçilik tarixinin şanlı səhifəsi yazıldı: “1990-cı illərin əvvəllərində mövcud olan qarışıqlıq dövründə dahi şəxsiyyət yüksək idarəçilik məharəti, siyasi uzaqgörənlik və sarsılmaz qətiyyəti vətəndaş müharibəsinin qarşısını aldı. Azərbaycada ordu quruculuğu, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı. Məhz bunun nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəs sazişi imzalandı”.

P.Kərimzadə qeyd edib ki, Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ hüquqi bazanın yaradılması Ümummilli liderin gərgin əməyi nəticəsində mümkün olub: “Hazırda Dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini dövlət başçısı İlham Əliyev uğurla davam etdirir. 2003-cü ildən ötən dövrdə Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib, ölkəmizin dünya dövlətləri arasında nüfuzu artıb. Azərbaycanın qütblər arasında tranzit ölkəyə çevrilməsi bu qədim diyarda siyasi düşüncələrin, elmi fikirlərin, mədəniyyətlərin, dini baxışların dialoqunun baş tutmasını şərtləndirib. Bu baxımdan tam əminliklə deyə bilərik ki, Azərbaycanın sürətli inkişaf dövrü məhz Milli Qurtuluş Günü ilə başlayıb və hazırda daha geniş şəkildə davam etdirilir”.