“Pyeslər” kitabı nəşr olunub

12 İyun 2019 10:23 (UTC+04:00)

Bu günlərdə Almaniyada “Pemverlaq” nəşriyyatı Xalq yazıçısı Elçinin “Pyeslər” kitabını nəfis şəkildə nəşr edib. Kitaba ədibin məşhur “Teleskop”, “Mənim sevimli dəlim”, “Şekspir” və “Cəhənnəm sakinləri” tragikomediyaları daxildir. SİA-nın məlumatına görə, pyesləri orijinaldan alman dilinə türkoloq K.H.Kiel tərcümə edib. Maraqlı cəhət odur ki, nəşriyyat həmin pyesləri, eyni zamanda, türk dilində də ayrıca kitab kimi nəşr edib. Əsərlər türk dilinə doktor Orxan Araz tərəfindən tərcümə olunub. O.Araz kitabı oxuculara təqdim edərək yazır: “Dünyaca tanınmış yazar Elçin, sadəcə çağdaş dövrümüzdə deyil, gələcəkdə də oxunacaq və əsərlərindən dərslər alınacaq bir yazardır”.

Qeyd edək ki, alman oxucuları Xalq yazıçısı Elçinin əsərləri ilə yaxşı tanışdırlar. Almaniyada onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü”, “Baş” romanları, eləcə də, povest və hekayələri nəşr edilib. “Pyeslər” onun Almaniyada nəşr olunmuş səkkizinci kitabıdır.