Əliməmməd Nuriyev: “Korrupsiyaya qarşı mübarizə tədbirləri vətəndaş cəmiyyətini daha da fəallaşdıracaq, yeni təkliflər, təşəbbüslər meydana çıxaracaq”-MÜSAHİBƏ
8 Fevral 2011 01:02 (UTC+04:00)
- Son günlər prezidentin tapşırığı və Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi ilə keçirilən iclasdan sonra ölkədə korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və bu istiqamətdə həyata keçirilən məsələlərə münasibətiniz necədir?
- Ölkədə çox müxtəlif istiqamətlərdə islahatlar gedir, iqtisadi inkişaf prosesi davam etməkdədir. Baxmayaraq ki, dünyada iqtisadi maliyyə böhranı davam edir, ancaq Azərbaycan bu böhrandan kənardadır. Bu da ölkədə aparılan uğurlu siyasətin nəticəsidir. Amma eyni zamanda, bu siyasətdə daha uğurlu və səmərəli nəticələrə nail olmaq üçün bir çox tədbirlər görülməlidir. Yaxşı olmaq o demək deyil ki, hansısa sahələrdə nöqsan yoxdur. Cənab prezident çıxışında da xüsusi olaraq vurğuladı ki, bürokratiya azaldılmalı, korrupsiyaya qarşı mübarizə formal olmamalı, daha ciddi olmalı, eyni zamanda ictimai nəzarət gücləndirilməlidir. Bu Nazirlər Kabinetinin son iclasında söylənilən fikirlər idi. Orada xüsusi olaraq qeyd olundu ki, monopoliya meylləri azaldılmalı, ölkədə davamlı iqtisadi-inkişafın təmin edilməsi üçün bütün neqativ halların qarşısı alınmalıdır. Yanvarın 27-də isə Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Komissiyanın sədri Ramiz Mehdiyevin sədrliyi ilə keçən iclasa Nazirlər Kabinetinin son iclasında prezidentin qoyduğu vəzifələrə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində bütün icra strukturları, dövlət qurumları dəvət olunub. Bu iclasda da qeyd olunub ki, bir çox sektorlarda hələ də ciddi şikayətlər, bürokratiya, vətəndaşların ərizə və şikayətlərinə baxılmaması və süründürməçilik, monopoliya ilə bağlı şikayətlər var. Nəqliyyat, bank sektorunda, sosial müdafiə, səhiyyə, təhsil və digər sahələrdə korrupsiya mövcuddur.
- Ölkədə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə əleyhinə Milli Strategiyanın icrası istiqamətində hansı işlər görülüb?
- Nəzərə almaq lazımdır ki, bu il şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə əleyhinə Milli Strategiyanın tamamlanması ilidir. Burada çox böyük tədbirlər silsiləsi nəzərdə tutulub. Bu tədbirlərin həyata keçirilməsində bir çox istiqamətlərdə uğurlu addımların olmasına baxmayaraq, bununla yanaşı bəzi işlər yerinə yetirilməyib. Bununla bağlı icra hakimiyyətləri qarşısında da müəyyən vəzifələr qoyulub. Çünki bir sıra hallarda icra hakimiyyəti strukturları tərəfindən həmin ikinci dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı formal olaraq tədbirlər hazırlanıb. Ancaq real olaraq bu tədbirlərin çoxu həyata keçirilməyib. Bu baxımdan da göstərişlər verildi. Ötən illər ərzində korrupsiyaya qarşı mübarizə ilə bağlı ikinci dövlət proqramında vətəndaş cəmiyyəti əsas tərəfdaş kimi göstərilib. Bu istiqamətdə də ciddi qüsurlar var, çünki onlar vətəndaş cəmiyyəti ilə fəal işləmirlər. Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi, Ədliyyə Nazirliyinin Məhkəmə Hüquq Şurası, Təhsil Nazirliyi və bir çox qurumlar istisna olmaqla digər qurumlar ümumiyyətlə vətəndaş cəmiyyəti ilə işləmirlər. Bu da ictimai nəzarətin azaldılmasına gətirib çıxarır.
Eyni zamanda, şəffaflıqla bağlı bir çox ciddi problemlər var. Bir çox dövlət orqanlarının saytı təzələnmir, oradan məlumat almaqda, hesabatlıqla bağlı məsələlərdə bir çox problemlər yaşanır. Bu poblemlərin aradan qaldırılması ilə bağlı iclasda müəyyən tapşırıqlar verilib. Hesab edirəm ki, vətəndaş cəmiyyəti olaraq biz də məhz dövlət orqanları tərəfindən həyata keçirilən fəaliyyətlərin doğru, düzgün və aparılan siyasətin məqsədlərinə uyğun olaraq həyata keçirilməsinə ictimai nəzarəti daha da gücləndirməliyik. Bu istiqamətdə olan təkliflərimizi zaman-zaman hökumətə təqdim etmişik və bundan sonra da təqdim edəcəyik.
- Sizin fikrinizcə, vətəndaşların bu məsələyə münasibəti necədir?
- Hər şeydən əvvəl bir çox hallarda bəzi dövlət orqanlarının fəaliyyət göstərməməsi nəticəsində vətəndaşlar onlara etimadsız münasibət bəsləyir. Dövlət orqanlarının bəzilərində bu etimadın bərpa edilməsi ilə bağlı çox işlər görülməlidir. Bu baxımdan aparılan siyasətin də səmərəli və uğurlu nəticələrinin daha da genişləndirilməsi məhz dövlət orqanlarının əhaliyə etimadlı münasibətinin daha da genişlənməsi ilə bağlıdır. O baxımdan da dövlət orqanları üzərinə çox böyük vəzifələr düşüb. Vətəndaşların ərizə və şikayətlərinə vaxtında cavab verilməsi, onların müraciətlərinin diqqətlə dinlənilməsi, eyni zamanda qaldırdıqları məsələlərin həllində yardımçı olması, öz üzərilərinə düşən funkisiyaların yerinə yetirilməsi, həmçinin qərarların hazırlanması, qəbul edilməsi, icrasına vətəndaşların cəlb olunması vacib məsələdir. Bu zaman vətəndaş doğrudan da onun arzu və istəyi, mövcud problemlərin həlli istiqamətinə yönələn qərarların olduğunu anlayacaq. Bundan sonra da o məmnuniyyətlə bu prosesdə iştirak edəcək və bu da öz növbəsində səmərəli nəticəyə gətirib çıxaracaq.
- Belə bir qərarın verilməsi, vətəndaş cəmiyyətində, ümumiyyətlə, ölkədə hansı müsbət irəliləyişlərə səbəb ola bilər?
- Bu vətəndaş cəmiyyətini daha da fəallaşdıracaq, yeni-yeni təkliflər, təşəbbüslər meydana çıxaracaq. Amma eyni zamanda vətəndaş cəmiyyətinin ictimai nəzarətini daha fəal şəkildə həyata keçirmək üçün onun zəruri resurslarla təmin edilməsi çox əhəmiyyətli məsələlərdən biridir. Bu resurslar kifayət qədər deyil. Hesab edirəm ki, bu istiqamətdə resursların artırılması önəmlidir. Prezident yanın QHT-lərə Dövlət Dəstəyi Şurasında QHT-lərə maliyyə dəstəyinin artırılması ilə bağlı məbləğin daha da genişləndirilməsinə ehtiyac var.