Fevralın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının 2011-ci ildə ilk iclası keçirildi. ADU Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclası giriş sözü ilə açan Elmi Şuranın sədri, ADU-nun rektoru, professor Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil ocağının ötən ildə gördüyü işlər, bu işlərin respublika təhsil ictimaiyyətində yaratdığı təəssürat, eləcə də dövlət rəhbərliyi tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsindən danışdı. O, bildirdi ki, bunun məntiqi nəticəsi olaraq ötən ilin sonunda keçirilən rəy sorğusu əsasında ADU "İlin universiteti" seçilib. Bunun səbəbinin universitetdə formalaşan müəllim-tələbə münasibəti, müəllimə öz pedaqoji biliyini çatdırmaq üçün yaradılan şərait, tələbələrə öz fikir və bacarıqlarını ifadə etmək üçün formalaşdırılan mühit olduğunu bildirən rektor 2010-cu ili universitet üçün uğurlu və mənalı il adlandırdı. O, əmin olduğunu bildirdi ki, 2011-ci il də universitet üçün uğurlu olacaqdır.
Təhsil sistemində yeni maliyyələşmə sistemi, tələbələrlə işin yüksək səviyyədə qurulması, universitetin beynəlxalq əlaqələrindən də danışan rektor qış imtahan sessiyasının da uğurlu keçdiyini Elmi Şura üzvlərinin diqqətinə çatdırdı.
ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov qış imtahan sessiyası barədə məlumat verdi.
Yeni yaranan Əlavə Təhsil fakültəsinin dekanı, dosent Yasəf Mürşüdov fakültə haqqında məlumat verdi. Onun bildirdiyinə görə, Təhsil nazirinin 10 iyun 2010-cu il tarixli məktubu ilə İxtisasartırma və Yenidənhazırlama fakültəsinin adı dəyişilərək Əlavə Təhsil fakültəsi adlanıb.
ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova isə hesabat xarakterli çıxışında Mətbuat xidmətinin fəaliyyət istiqamətlərinə toxundu. Onun bildirdiyinə görə, rəhbərlik etdiyi şöbədə həm mətbuat xidməti işi, həm protokol xidməti, həm veb saytla iş, həm də "Poliqlot" qəzetinin nəşrə hazırlanması işləri həyata keçirilir. Sonra Z. Kazımova yarandığı 2 il ərzində şöbənin göstərdiyi fəaliyyət haqqında ətraflı məlumat verdi.
Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov elmi hissə tərəfindən daxil olan sənədlər haqqında danışdı.