“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi Tovuzda

10 İyun 2019 18:38 (UTC+04:00)

“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 10 iyun 2019-cu il tarixdə Tovuz rayonunda keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə millət vəkili, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Tovuz rayonundan seçilmiş millət vəkili Qənirə Paşayeva, Millət vəkili Sabir Havıyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov iştirak edib.

Tədbirdə millət vəkili, layihənin rəhbəri Rauf Əliyev, millət vəkili Qənirə Paşayeva, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Millət vəkili Sabir Havıyev Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov çıxış ediblər. Çıxış edənlər qeyd etdilər ki, bu layihənin keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Daha sonra qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçmiş və hal-hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilmişdir. Uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Tədbirin sonunda uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.