Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun dəvəti ilə Türkiyə Cümhuriyyəti Milli İstihbarat Təşkilatının müstəşarı (rəhbəri) Hakan Fidan 2011-ci ilin fevral ayının 6-7-i tarixində ölkəmizdə rəsmi səfərdə olub.
Nazirliyin İctimai Əlaqələr Mərkəzindən SİA-ya verilən məlumata görə,Əvvəlcə, türkiyəli qonaqlar və milli təhlükəsizlik naziri Eldar Mahmudov başda olmaqla nazirliyin bir qrup əməkdaşı Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılmış, məzarı üzərinə gül-çiçək düzülüb.
Nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini yad etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar. 1918-ci ildə soyqırım məqsədilə Azərbaycanda və paytaxt Bakıda qırğınlar və vəhşiliklər törədən silahlı erməni daşnak dəstələri və nizami qoşun hissələri ilə döyüşlərdə həlak olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin də önünə əklil qoyulub.
Bundan sonra nazir Eldar Mahmudov Milli İstihbarat Təşkilatının müstəşarı Hakan Fidanı qəbul edib. Milli təhlükəsizlik naziri qonaqları bir daha səmimi salamlayaraq, Hakan Fidanın Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri kimi Azərbaycana ilk səfərinin ölkələrimizin xüsusi xidmət orqanları arasında əməkdaşlıq əlaqələrinin daha da yüksəlməsində önəmli rol oynayacağını bildirib. Nazir Eldar Mahmudov regionda gedən proseslər, reallıqlar və meydana çıxan müxtəlif növ təhdidlər, əməliyyat şəraiti və ona təsir göstərən amillər, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbaycanın həyata keçirdiyi tədbirlər, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin doğurduğu fəsadlar barədə ətraflı məlumat verib.
Görüşdə transmilli mütəşəkkil cinayətkarlıq, hazırda ən aktual vəzifə olan terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində görülən işlər, miqrasiya prosesləri, bundan irəli gələn problemlərlə bağlı tərəflər arasında geniş fikir mübadiləsi aparılmış, Türkiyənin və Azərbaycanın xüsusi xidmət orqanlarının işgüzar və səmərəli əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub.
Yüksək qonaqpərvərliyə və dolğun məlumata görə təşəkkürünü bildirən Hakan Fidan, hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələrin nəticələrindən razı qaldığını, qardaş Azərbaycana səfərindən xoş təəs¬süratlar aldığını qeyd edib.
Hakan Fidan dost dövlətlər olan Türkiyə və Azərbaycan, eləcə də müvafiq strukturlar arasındakı münasibətlərin daim inkişaf etdiyini, keçirdiyi görüşlərin ölkələrimizin strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün səmərəli olacağına əminliyini vurğulayıb.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq kəsb edən bir sıra digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb.