Kəşfiyatçı İbad Hüseynovun şərəfli həyat yolu, torpaqlarımız uğrunda göstərdiyi qəhrəmanlıq çoxlarına məlumdur. O, tarixə adını yazdıran igid döyüşçü, düşməni lərzəyə salan əfsanəvi qəhrəmandır!
İbad Hüseynov 1970-ci il oktyabrın 18-də Qarabağ bölgəsində anadan olub. Dağlıq Qarabağda ilk hərbi toqquşmaların başlandığı zaman İbad Amurda yerləşən hərbi hissədə qulluq edirdi. Burada o, Sovet ordusunun Bakıya qoşun yeritdiyini və çoxlu sayda həmyerlisinin öldürüldüyünü öyrənir. İbad Azərbaycandan olan digər hərbçilərlə birlikdə, onların vətənə buraxılması məqsədilə aclıq aksiyasına başlayır. Komandanlığın ağır təzyiqinə baxmayaraq onlar aclıq aksiyasını dayandırmır. Nəticədə, rəhbərlik geri çəkilir və indiyə qədər heç yerdə görünməmiş addım atır: hərbçiləri xidmət müddəti başa çatmamış ehtiyata buraxırlar. Beləliklə, İbad Azərbaycana qayıtmağı bacarır. O, 1990-cı ildə doğma yurdu Xocavənd rayonuna gedir və orada yerli hərbi özünümüdafiə, kəşfiyyat-diversiya dəstəsi yaradır. İbadın başçılıq etdiyi dəstə düşmən tərəfə keçir və onları məhv edir. Çoxlu sayda silah və təchizat ələ keçirilir.
Həmin vaxt Ağdam-Xocavənd istiqamətində hərəkət edənerməni hərbi bölmələrinə rəhbərlik etmək "Avo” ləqəbli məşhur erməni komandirinə həvalə olunmuşdu. Bu qaniçən erməni bir neçə Yaxın Şərq müharibələrində iştirak etmiş, Avropada bir sıra terror aktlarının təşkilatçısı olmuşdu. Həmçinin, Qarabağ müharibəsinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqrımı və digər yaşayış məntəqələrində törədilən qətillərdə Avo birbaşa iştirak edib və erməni birləşmələrinin rəhbəri olmuşdu.
İbad azərbaycanlıların qisasını almağa söz verir və erməni komandiri Avonun bütün hərəkət və əməliyyatları haqqında məlumat yığmağa başlayır. O, döyüşçülərə xüsusi əmr vermişdi: "Əgər hardasa Avonu görsəniz, atəş açmayın, mənədeyin”. İbad Avo ilə üz-üzə gəlmək istəyirdi. İbadın başçılıq etdiyi dəstəyə düşmənin gücünü öyrənmək, onlar barədə məlumat toplamaq tapşırılmışdı. 14 nəfərlik hərbi dəstə iləİbad düşmən tərəfə keçir və iki gün ərzində lazımi məlumatları toplamağa başlayır. 1993-cü il iyunun 11-dən 12-nə keçən gecə İbad Hüseynov dəstəsi ilə ermənilərin nəzarəti altında olan doğma Muğanlı kəndinə daxil olur. Sonra özü ilə dörd nəfər döyüşçü götürərək erməni mövqelərinə doğru gedir. Bu an onlar Kuropatkino kəndi tərəfdən "UAZ” markalı avtomobilin Muğanlı kəndi istiqamətində hərəkət etdiyini görürlər. Bir neçə dəqiqədən sonra "UAZ” dağ çayında ilişib qalır. Avtomobildən hərbi formalı bir adam düşür və yanında olan iki nəfərə yerində qalmağı əmr edərək Muğanlı kəndi tərəfə getməyə başlayır.
İbad ilə Monte Melkonyan kənd məktəbinin həyətində üz-üzə gəlirlər. İbad iki dəfə Avoya atəş açdıqdan sonra erməni komandiri yıxılır və İbaddan onu öldürməməyi xahiş edir. Ibad Hüseynov ermənilər arasında məşhur və az qala əfsanəolan Melkonyandan tökdüyü qanların qisasını alır... 1993-cü il 26 dekabrda İbad minaya düşərək ağır yaralanır. O, komaya düşür və 28 gündən sonra komadan çıxır...
Uzun illər müharibənin səhətində yaratdığı ağrı-əzabla yaşayır qəhrəman. Lakin keçən zaman İbadın vətənə olan sevgisini bir damla da azaltmır. O, hər zaman torpaqlarımız uğrunda vuruşmağa, düşməndən qisasımızı almağa hazırdır !
Qeyd edək ki, 2010-cu ildə Bakıda, "Azərbaycanfilm” kinostudiyasında İbad Hüseynova həsr edilmiş "Əsgər” sənədli filmi çəkilib. “Xüsusi təyinatlı” kitabında isə qəhrəmanın həyatı, şərəfli döyüş yolu təsvir edilib. İbad Hüseynova həsr olunan çox sayda musiqilər, şerlər var. "Azərbaycan bayrağı” ordenli döyüşçü, kəşfiyyatçı, Milli Qəhrəman İbad Hüseynovla olan maraqlı müsahibəni SİA oxuculara təqdim edir:
- İbad, siz millətimizin qürüru, bütün türk dünyasının fəxri olmaqla bərabər, Milli Qəhrəman adını layiq döyüşçüsünüz. Bu görüş mənim üçün qürurverici, unudulmayan görüşlərdən biridir. Maraqlıdır, bəs sizin həyatınızda necə, unudulmayan anlar çox olub?
- Əvvəlcə göstərdiyiniz diqqət və səmimi sözlər üçün sizə təşəkkürümü bildirirəm. Mənim ən şirin, ən acı, ən yaddaqalan xatirələrim döyüş yolumuzla bağlıdır... İnanın ki, haqqımda çəkilən filmlər, "Xüsusi təyinatlı” adlı kitab və yazılan məqalələr döyüş yolumu, başıma gələn hadisələri tam əhatə edə bilməyib. O vaxtlar keçirdiyim hissləri sözlə ifadə edə bilməmişəm.... Mənim 44 yaşım var. Bu illər ərzində müxtəlif hadisələrlə üzləşmişəm. Lakin əminliklə deyə bilərəm ki, həyatımın bütün mənalı, şərəfli və çətin anları döyüş bölgələrində, ömrümü qurban vermək istədiyim torpaqlarımızda keçib.
- Döyüş xatirələrinizi danışmağı xoşlamadığınızı bilirik. Odur ki, sizə belə suallarla müraciət etməyəcəyik. Maraqlıdır, 3 övlad atası olan İbad Hüseynov övladlarının vətənpərvər ruhda böyüməsini onlara necə aşılayır?
- Mənim iki oğlum və bir qızım var. Onlar balaca vaxtlarından mənə maraqlı suallar verirdilər. Uşaqlar alnımda olan zədə izi haqqında soruşur, mən də onlara bu zədələri necə, nə zaman aldığımı deyirdim. Onlar mənim bütün həyatımı əzbər bilirlər... Bir sözlə, bizim evdə vətənpərvərlik mövzusunda tez-tez söhbətlər olur. Döyüş yoluma gəldikdə isə bu barədə istəyirəm ki, həmkarlarım danışsın.
- Ağır döyüş yolu keçmisiniz. Çox sayda düşməni məhv etmisiniz. Amma tanınmış erməni terrorçusi Melkonyanı öldürməyiniz ən yaddaqqlan hadisələrdən olub....
- Müharibə ağırdır. Qürurla deyə bilərəm ki, düşmənlərimizə layiqli cavab vermişəm. Onlarla terrorçunu məhv etmişəm. Türklərin düşməsi, tanınmış terrorçu Melkonyandan qisasımızı aldığıma görə də qürur duyuram. Onun öldürülməsi mənə tapşırılmışdı. Məni çağırıb dedilər ki, cəbhə xəttinə belə bir terrorçu göndərilib və onun məqsədi Kür çayına kimi torpaqlarımızın işğalına nail olmaqdır. 13 nəfər döyüşçü ilə birgə əməliyyata başladıq. Əməliyyatın aparılacağı bütün mövqeləri xəritədə müəyyənləşdirdik. İki gün Melkonyanın hara gedib-gəlməyini izlədik. Kəşfiyyat Xocavənd ərazisində gedirdi. Üçüncü gün sərhədi keçib, ermənilərin bazasına getdik. Onlar bunu gözləmirdilər. Kuropatkino ilə Muğanlı arasında bir çay var idi, həmin yolda onun maşını çayda batdı. Onun ağlına gəlməzdi ki, qarşısına azərbaycanlı əsğər çıxa bilər. Məktəbin yanında qarşılaşdıq. Orada terrorcudan qisasımızı aldım. İndi hamı istəyir ki, torpaq qayıtsın. Axı təkcə topraq davası getmir. Bəs, qisas? Biz düşməndən qisasımızı da almalıyıq.
- Odun-alovun, dəhşətli müharibənin içində sağ qalmağınız əsl möçüzədir. Heç düşünürdünüz ki, girov düşə, yaxud şəhid ola bilərsiniz?
- Mən inanırdım ki, erməni gülləsi məni öldürməyəcək. Qəribə də olsa, hər zaman belə düşünmüşəm. Mən qorxu hissinin nə olduğunu heç vaxt bilməmişəm. Elə indi də həmən adamam... 1992-ci ildə şəklimi çəkib şəhidlərin şərəf lövhəsinə vurmuşdum. Müharibədə yaxın dostlarımı itirdim. Bu məndə düşmənə qarşı nifrətimi, qisas hissimi artırdı. Torpaqlarımızı qaytarmaq üçün vətənpərvər insanlara, cəsur əsəgərlərə ehtiyacımız var. Vətənpərvərlik hissləri olmasa heç bir texnikanın torpaqlarımızı qaytarmağa gücü çatmaz. Biz torpaqlarımızı sülh yolu ilə qaytarsaq, bəs ermənilərdən qisasımızı necə alacağıq? Torpaqlarımızı döyüşərək geri qaytarmalıyıq. Düşməndən qisasımızı almalıyıq. Gənclərimiz daha da vətənpərvər böyüməlidirlər.
- Yeri gəlmişkən, gənclərimizin vətənpərvərlik hissləri sizi qane edirmi?
- Düzünü deyim ki, o qədər də yox. Bunun üçün onları beşikdə, baxçada, məktəbdə vətənpərvər böyütmək lazımdır. Mətbuat və televiziyalar da məsuliyyətlərini unutmamalıdırlar. Vətənpərvərlik mövzusuna daha çox üstünlük vermək lazımdır. Yaxşı olardı ki, belə bir telekanal açılsın: sutkanın bütün saatlarında yalnız vətənpərvərlik mövzusunda olan verilişlər, film və konsertlər, tamaşalar, oyunlar göstərilsin. Bu zaman gənclərimiz daha da vətənpərvər olacaqlar.
- Bəs sizin vətənpərvər ruhda böyüməyinizdə kimlərin rolu olub?
- Valideynlərimin, əsasən, anam Kifayət xanımın bizim tərbiyəmizdə böyük rolu var idi. Hələ balaca olanda o bizə “Evə döyülüb gəlməyin. Sizə vuranı siz də vurun”, - deyirdi. Oğlan uşağının ağlamasını, uduzmasını anam heç sevməzdi. Bu xüsusuyyətlər mənə və qardaşlarıma anamızdan keçib. Atam Mövsüm kişidən də mərd və ürəkli olmağı öyrənmişik. Valideynlər uşaqlarını qəhraman kimi böyütməlidirlər.
- Siz həm də idmanla məşğul olmusunuz. Əgər gəncliyiniz müharibə dövrünə düşməsəydi idmanla peşəkar şəkildə məşğul olmaq istəyərdiniz?
- Mən güləşlə, karete ilə məşğul olmuşam. İdmanı olduqca çox sevirdim. Məşq etmək, idmana bağlı yaşamaq mənim hobbim idi. Müharibə olmasaydı peşəkar idmançı ola bilərdim. Düzünü deyim ki, bu, mənim arzularımdan biri idi. Axı, yaxşı idmançı olmaq, bayrağımızı ucaltmaq özü də qəhrəmanlıqdır. Lakin vətəni qorumaq o dövr üçün daha vacib idi. Qəhrəmanlıq müxtəlif çür olur. İnsan vətəninə bir çox sahələrdə xidmət edə bilər. Əsas odur ki, ölkənə lazımlı şəxs olasan. Öncə vətənimizi, bayrağımızı, müstəqilliyimizi qorumalıyıq ki, bu bayrağı dalğalandıra bilək. Xalq öz qəhrəmanlarını heç vaxt unutmur. Biz hər zaman ulu öndər Heydər Əliyevin göstərdiyi diqqəti hiss etmişik. Bu dahi şəxsiyyət dəfələrlə səngərlərdə əsgərlərimizi ziyarət edib, bizimlə maraqlanıb. Ümummilli liderimizdən xüsusi diqqət görməyim, hətta toy günümdə mənə məktub göndərməsi ən xoş, əziz xatirələrimdən biridir. Bu böyük şəxsiyyət xalqını sevən, ona xidmət edən bütün insanları daim diqqətdə saxlayırdı.
- Siz bütün türk dünyasının sevilən qəhrəmanısınız. Türkiyədə olan görüşləriniz, sizə olan böyük hörmət və məhəbət bunu sübut edir.
- Mən Türkiyədən hər dəfə maraqlı və yaddaqalan təəssüratlarla qayıdıram. Orada vətənpərvər insanlara, qəhrəmanlara böyük diqqət göstərilir. Bu diqqətə Naxcıvanda da dəfələrlə şahid olmuşam. Müharibənin səhhətimdə qoyduğu izlərdən biri də nitqimdə yaranan qüsurdur. Buna baxmayaraq, görüşlərdə mütləq danışmağımı xahiş edirlər. Görüşlərin birində məndən soruşdular ki, düşməni hansı əlinizlə öldürmüsünüz? Dedim ki, sağ əlimlə. Bunu soruşan adam əyilib sağ əlimdən öpdü. Dəfələrlə belə hadisələrin şahidi oluram.
- Qəhrəmanlarımızı tanımaq hər bir vətəndaşın borcudur. Çünki onların döyüş yolu xalqın döyüş yoludur.
- Vətəndaşlar bilməlidir ki, qəhrəmanlar hansı keşməkeşli yollardan keçib, onlara qəhrəman adı necə verilib. Elə anlar olur ki, qəhrəmanların adı, varlığı çətin anlarda əsgərlərə güc verir. Mənim Xocavənddə olmağım əsgərlərin ürəkli olmasına səbəb olurdu. Mən bundan böyük qürur hissi keçirirdim.
- Bəs sizin üçün ən böyük stimul nədir?
- Ən böyük stimul insanların mənə olan diqqəti və sevgisidir. Xalq uğrunda həyatını qurban verməyə hazır olan birinin başqa bir istəyi ola bilməz. Hər bir qəhrəmanı, müharibə iştirakçısımı yaşadan ona göstərilən diqqətdir.
- Hansı xüsusiyyətlərinizi bəyənirsiniz?
- Mən heç kimin sözü, fikri ilə yaşamıram. Qətiyyətliyəm. Bu isə hər zaman mənə kömək olub. Müharibə zamanı da bu xüsusiyyətimlə fərqlənirdim. Sanki hansısa bir hiss mənə doğru yolda olduğumu deyirdi.
- Bəs, risk etməyi sevirsiniz?
- Bəli. Çox vaxt risk etmişəm. Heç vaxt da peşman olmamışam. Mənə deyirlər ki, uğurlu adamsan. Mənim etdiyim riskləri başqası etsəydi bəlkə də axırı yaxşı olmazdı.
- Xüsusiyyətlərinizdən söz düşmüşkən, bürclərə inanırsınız?
-Bürclərə inanıram. Tərəzi bürçündənəm. Bu bürcün, demək olar ki, bir çox xüsusiyyətlərini daşıyıram. Ədalətli olmağı sevirəm. Bütün insanlara ədalətli, səmimi olmağı arzulayıram. Vaxtı gələndə insan həyatdan gedir. İnsanı malı, mülkü iləyada salmırlar. Hər kəs qoyduğu ad ilə xatırlanır. Taleyimə qəhrəman adı yazıldığı üçün fəxr edirəm.
Jalə