Yığmamız Ukrayna millisinin qapısından 7 top keçirib

7 Fevral 2011 08:17 (UTC+04:00)

Bakıda futzal üzrə 4-cü beynəlxalq turnir davam edir. Turnirdə Azərbaycan, Ukrayna, Latviya və Özbəkistan milli komandaları qalib adı mübarizə aparırlar.

SİA-nın xəbərinə görə, Bakı İdman Sarayında keçirilən yarışın ikinci günündə-fevralın 6-da ilk oyun Ukrayna və Özbəkistan milli komandaları arasında keçirilib. Qarşılaşma 1:0 hesabı ilə Ukrayna futzalçılarının xeyrinə başa çatıb.

Günün ikinci oyunu isə Azərbaycan və Latviya yığmaları arasında olub. Gərgin idman mübarizəsi şəraitində keçən oyunun ilk hissəsi 2:1 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb. Azərbaycan yığmasının heyətində qolları Elvin Quliyev və Serjao vurublar.

Azərbaycan futzalçılarının üstünlüyü ilə keçən ikinci hissədə yığmamız rəqib komandanın qapısından 5 cavabsız top keçirib. Görüşdə Vitali Barisov het-trik, Serjao dubl etmiş, Biro Jade isə 1 dəfə fərqlənib.

Beləliklə, oyun 7:1 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb. Turnir çərçivəsində növbəti görüş fevralın 8-də Azərbaycan – Ukrayna və Latviya – Özbəkistan milliləri arasında keçiriləcəkdir.