"Fənərbaxça"dan ardıcıl 4-cü qələbə

6 Fevral 2011 10:15 (UTC+04:00)

Türkiyə Superliqasında 20-ci tura fevralın 4-də keçirilmiş "Bursaspor" - "Sivasspor" matçı ilə start verilib. SİA-nın məlumatına görə, Bursa "Atatürk" stadionunda keçirilmiş matçda meydan sahibləri qalib gəlib - 2:1.

"Bursaspor"un qollarını 45+1-ci dəqiqədə "Sivasspor"lu Hayrettin öz qapısına, 88-ci dəqiqədə isə yeni transfer Miller vurub. "Sivasspor"dan isə 50-ci dəqiqədə Qrosiçki fərqlənib. Bu qələbə sayəsində "Bursaspor" bir oyun çox olmaqla 44 xalla liderliyə yüksəlib. "Sivasspor" isə 16 xalla 15-ci pillədə qalıb.

Fevralın 5-də daha 4 oyun olub. "Beşiktaş" öz meydançasında "Karabükspor"la bacarmayıb. Superliqanın bombardiri Emmanuel Emenikenin 55-ci dəqiqədə vurduğu qolla önə çıxan "Karabükspor"un qol sevinci cəmi 4 dəqiqə çəkib. Qonaq komandanın oyunçusu Armand Deumi topu öz qapısına vurub. Amma oyun hakimlərin şousu ilə daha çox yadda qalıb. 51-ci dəqiqədə "Karabükspor"un penaltisini verməyən referi Mustafa Kamal Abitoğlu 77-ci dəqiqədə "Beşiktaş"lı Uqu Almeydanın zərbəsindən sonra dirəyə dəyib qapı xəttini keçən qolu saymayıb. 59-cu dəqiqədə isə yan xətt hakimi Mehmet Şahan Yılmaz zədələnib. O, 4 dəqiqəyədək müalicə aldıqdan sonra oyuna davam edib.

"Fənərbaxça" ardıcıl 4-cü qələbəsini səfərdə "Manisaspor" üzərində qazanıb. İkinci hissədə meydan sahibləri hesabı açsa da, qonaqlar buna 3 qolla cavab veriblər. "Kayserispor" isə "Ankaragücü"nü minimal fərqlə yenməyi bacarıb. Bu qələbələrdən sonra "Fənərbaxça" 3-cü, "Kayserispor" isə 4-cü pillələrdəki mövqelərini qoruyub. "Beşiktaş" 5-ci pillədə qalarkən, autsayder "Kasımpaşa"nı məğlub edən "İstanbul BB" oyun sayı üstünlüyü ilə "Eskişehirspor"u keçib və 6-cı pilləyə qalxıb.