2020-ci ildən bu şəhərlərdə də “DOST” mərkəzləri açılacaq

4 İyun 2019 22:32 (UTC+04:00)

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin 1 saylı “DOST” mərkəzi mayın 9-da ölkə başçısının iştirakı ilə açılıb. Mərkəzdə vətəndaşlara 126 xidmət göstərilir. Bu xidmətlər sosial müdafiə, məşğulluq, əmək münasibətləri və tibbi-sosial ekspertiza sahələrini əhatə edir. Gün ərzində 350-dən çox vətəndaş müraciəti qeydə alınır. İndiyədək 5000 vətəndaş mərkəzin xidmətlərindən yararlanıb."

Bu sözləri DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov kütləvi informasiya vasitələrinin nümayəndələrinə açıqlamasında deyib.

O bildirib ki, bu il ərzində paytaxtda daha 3 “DOST” mərkəzinin açılacağı planlaşdırılıb: “Növbəti mərkəzlər Bakının Xəzər, Binəqədi və Nizami rayonlarında fəaliyyətə başlayacaq. Gələn il isə Xətai rayonunda “DOST” mərkəzinin açılması nəzərdə tutulub. Eyni zamanda, 2020-ci ildən etibarən Sumqayıt, Xırdalan və Gəncə kimi iri şəhərlərdə, eləcə də Bərdə və Sabirabad rayonlarında “DOST” mərkəzləri açılacaq. Ümumilikdə, 2025-ci ilədək respublikada 31 “DOST” mərkəzinin fəaliyyət göstərməsi gözlənilir.