Misirdə başlanan xalq qiyamının 11-ci günündə də Hüsnü Mübarək inadından geri çəkilmədi. Yayılan xəbərlərə görə, bir müddət hadisələrin sadəcə tamaşaçısı olan Barak Obama Misir prezidentinə istefanı qəbul etdirmək üçün plan hazırlayır. ABŞ 30 illik müttəfiqi olan dövlət başçısını təqaüdə göndərmək niyyətindədir. SİA-nın "New York Times"ə istinadən verdiyi məlumata görə, Vaşinqton ordunun da dəstəyini alan prezident köməkçisi Ömər Süleymanın rəhbərlik edəcəyi müvəqqəti hökumətin qurulması üçün Misirin yüksək rütbəli hərbçiləri və siyasətçiləri ilə müzakirələr aparır.
Ağ Ev, Xarici İşlər Nazirliyi və Pentaqonun birgə hazırladığı plana görə, müvəqqəti hökumət Mübarəkin getməsindən sonra müxalifətlə birlikdə işləyərək sentyabrdakı prezident seçkisinə qədər konstitusiya islahatı aparmalıdır. Hökumətin rəhbərliyinə Misir Ordusunun Baş Qərargah rəisi Sami Enan və müdafiə naziri Məhəmməd Tantavinin dəstəyini qazanan Ömər Süleymanın gətirilməsi planlaşdırılır. Misirin ən köklü müxalifət hərəkatı olan və fəaliyyəti qadağan edilən "Müsəlman Qardaşlar" Hərəkatının da hökumətin qurulmasında iştirakı nəzərdə tutulub.
Senat da Misir prezidentinə "dərhal get" deyib. ABŞ Senatı da Mübarəki istefaya çağıran qanun layihəsini səs çoxluğu ilə qəbul edib. Konqresin nüfuzlu şəxslərindən respublikaçı Con Makkeyn və demokrat Con Kerrinin hazırladığı qanun layihəsində Mübarəkə "demokratik bir siyasi sistemə dərhal başlatması" çağırışı edilir.
Misir isə Qətərə xəbərdarlıq edib. Misir hökumətinin Qətər Xarici İşlər Nazirliyinə göndərdiyi xəbərdarlıq məktubunda Misirin daxili işlərinə qarışmaması tələb edilir. Xəbərdarlıqda bildirilib ki, rəsmi Qahirə mərkəzi Qətərdə yerləşən "Əl-Cəzirə" kanalını günahlandırır. Qeyd edilib ki, kanal "digər ölkələrdə də etdiyi kimi" hadisələri öz maraqlarına uyğun şərh edir.
Dünyanın gözləri Hüsnü Mübarəkdədir
Misirin 82 yaşlı prezidenti Hüsnü Mübarək təxminən 30 ildir ki, iqtidardadır. Hüsnü Mübarək 1928-ci il mayın 4-də Misirin Minufiya vilayətinin Şibin əl-Qum rayonunun Kəfrul-Museylihə kəndində anadan olub. İxtisasca hərbi təyyarəçidir. 30 ildən çox Misir Silahlı Qüvvələrində qulluq edib, leytenant rütbəsindən aviasiya marşalı rütbəsinədək yüksəlib. 1969-cu ildə Misir Hərbi Hava Qüvvələrinin qərargah rəisi, 1972-ci ildə Hərbi Hava Qüvvələrinin komandanı və müdafiə nazirinin müavini təyin olunub. 1975-ci ildə vitse-prezident postuna yiyələnən Hüsnü Mübarək 1981-ci ildə dövlət başçısı Ənvər Sadat öldürüləndən sonra prezident kürsüsünə əyləşib. 1987, 1993 və 1999-cu illərdə Xalq Məclisində keçirilən alternativsiz seçkilərdə postunu əlində saxlayıb.
2005-ci ildə ümumxalq səsverməsində yenidən prezident seçilib. Bununla belə 2005-ci ildəki seçkilərdə ABŞ-ın təzyiqi ilə başqa namizədlərin də yarışmasına icazə verdi. İngiltərənin "Teleqraph" qəzetinin verdiyi məlumata görə, Mübarək ailəsinin gizli hesablarında 35 milyard dollar var. Qəzet, ailənin sərvətini Hüsnü Mübarəkin iqtisadçı oğlu Camalın idarə etdiyini yazıb. Hüsnü Mübarəkin həyat yoldaşı Süzan, oğlu Camal və gəlini Xədicə Qahirədə etiraz aksiyaları başlayandan dərhal sonra Londona gediblər. Ölkəni 100 çamadanla tərk edən Süzan Mübarək İngiltərə vətəndaşı olduğundan, bu ölkəni seçdiyi bildirilir. 1981-ci ildə iqtidara gələn Mübarəkin 30 il hakimiyyətdə qalacağını az adam təxmin edə bilərdi. Ənvər Sadata sui-qəsd zamanı Mübarək şans hesabına həyatda qala bilmişdi. Çünki həmin vaxt o, Sadatın yanında oturmuşdu. Mübarək həmin tarixdən indiyə kimi altı sui-qəsd cəhdinə məruz qaldı. Sonuncu 1995-ci ildə Afrika zirvəsinə qatılmaq üzrə Efiopiyanın paytaxtı Addis-Əbəbədə təşkil edildi.
Hüsnü Mübarək bəxtinə görə, həm də Qərbin dəstəyinə minnətdar olmalıdır. Siqaret çəkməyən və içki içməyən Mübarək günə səhər saat 6-da idman zalında başlaması və sağlam bir həyat sürməsi ilə diqqət çəkir. Hakimiyyətinin güclü olmasına baxmayaraq, ölkədəki əlverişsiz siyasi mühit və xələfinin müəyyən olmaması "Mübarək daha nə qədər iqtidarda qala bilər?" sualını doğurdu. 2010-cu ilin mart ayında Mübarəkin cərrahiyyə əməliyyatı üçün Almaniyaya getməsi onun daha nə qədər hakimiyyətdə qalacağı ilə bağlı müzakirələri çoxaltdı. Hüsnü Mübarəkin iqtidarına ilk ciddi müqavimət 2011-ci ilin yanvar ayında reallaşdı. Nümayişçilər polisə müqavimət göstərərək Mübarəkin istefasını tələb etdilər. Hazırkı qiyam isə Tunis dövlət başçınının xalq qiyamı ilə devrilməsindən bir neçə gün sonra başladı.
Ölkənin ən güclü müxalif gücü: "Müsəlman Qardaşları" Hərəkatı
Misir prezidenti Hüsnü Mübarəkin istefasından sonra danışıqlar masasına oturacağını açıqlayan "Müsəlman Qardaşlar" Hərəkatının fəaliyyəti rəsmi olaraq qadağan olunsa da ölkənin ən böyük müxalif gücüdür. Fəaliyyəti qadağan olunmasına baxmayaraq, hərəkatın ölkə əhalisi arasında böyük nüfuzu var. 2005-ci il parlament seçkilərində böyük uğur qazanan və əvvəlki parlamentdə 88 yeri olan "Müsəlman Qardaşlar"ı hakimiyyətin lehinə edilən geniş ölçülü saxtakarlığı əsas gətirərək 2010-cu il dekabrda keçirilən seçkilərin ikinci turunu boykot etdi. Namizədləri "müstəqil" olaraq seçkilərə qatılan təşkilatdan 28 noyabrdakı seçkilərin ilk turunda millət vəkili adı qazanan olmadı.