AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri millinin məşqini izləyiblər

4 İyun 2019 04:33 (UTC+04:00)

İyunun 3-də “Dalğa Arena”nın ərazisindəki milli komandaların məşq mərkəzindəki əsas meydanda AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvləri Azərbaycan milli komandası ilə görüşüb.

SİA AFFA-ya istinadən xəbər verir ki, Rövnəq Abdullayev görüşdə çıxış edərək Avro-2020-nin dörd oyununun Bakıda keçiriləcəyini vurğulayıb, bu turnirin vacibliyini bir daha diqqətə çatdırıb. O, Avropa çempionatının seçmə mərhələsində iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya yığmaları ilə oyunlarda millimizə uğurlar arzulayıb.

Yığmamızın kapitanı Maksim Medvedev AFFA rəhbərliyinə və İcraiyyə Komitəsinin üzvlərinə komandanın adından təşəkkürünü bildirib.

Sonra İcraiyyə Komitəsinin üzvləri milli komandanın məşqini izləyiblər.