Erməni həyasızlığından doğan ikili standart

3 İyun 2019 16:27 (UTC+04:00)

Azərbaycan Ordusunun mayoru Aqil Ömərovun qətlə yetirilməsi buna sübutdur

Bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərinin ikili standart fəaliyyəti yenilik deyil. Düz 27 ildir ki, eyni yol, eyni ikibaşlı oyun… Bu, o ATƏT-in Minsk Qrupudur ki, bu günə kimi, faktiki olaraq Dağlıq Qarabağ münaqişəsinin həllində real irəliləyişə nail ola bilmir. ATƏT-in Minsk Qrupu həmsədrlərinin son aylardakı fəaliyyətinə ümumi nəzər salsaq, onlardan Azərbaycana hər səfəri sözdə "siyasət", əməldə isə "turizm" səfəridir.
İki gün əvvəl ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti regiona səfəri zamanı Azərbaycan Ordusunun mayoru Aqil Ömərov erməni snayperi tərəfindən vurularaq, şəhid olub. Bu o vaxta təsadüf edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıda idi. Bir mayorun, bir komandirin yetişdirilməsi üçün Azərbaycan dövləti nə qədər xərc çəkir və bizim atəşkəs rejimi elan etdiyimiz bir dövrdə snayperlərin istifadəsinin qadağan olunmasına baxmayaraq, bu hadisə baş verib. Lakin ikibaşlı "siyasət" aparan ATƏT-in Minsk Qrupunun həmsçəlrləri bir reaksiya da verməyib. Bu təəccüb də doğurmur. Çünki "fəaliyyət" göstərdiyi 27 illik dövrdə Minsk Qrupu münaqişənin həll edilməsindən daha çox, ya onun uzadılması yönündə, ya da bu və digər üsullarla işğala məruz qalan Azərbaycana qarşı bəyanatlar səsləndirməklə məşğul olub və beləliklə, əslində, işğalçı Ermənistana himayədarlıq etdiyini gizlətməyib. Sözügedən bəyanat, haqlı olaraq, Azərbaycan ictimaiyyətində və ölkəmizin rəsmi dövlət qurumlarında narazılıqla qarşılanıb.
ATƏT-in Minsk Qrupunun münaqişə ilə bağlı bu cür ikili və bəzən də, qərəzli münasibət sərgiləməsi ilk dəfə deyil. Həmsədr statusunda olan hər üç dövlət bu və digər formada Ermənistanı ya açıq surətdə müdafiə edir, ya da ən azı, təcavüzkar ölkənin cinayətlərinə göz yumur.
Hazırda cəmiyyətdə ATƏT-in Minsk Qrupunun gərəksiz və bəzi hallarda da əngəlləyici bir struktur olması düşüncələrə hakim kəsilib. İndi belə bir sual aktualdır: münaqişənin həllində heç bir təsir mexanizmi olmayan, bəzən isə təcavüzkarın yanında olduğunu gizlətməyən Minsk Qrupu kimə və nəyə lazımdır?..

Elxan Şahinoğlu: "Bundan sonra Minsk Qrupunun münaqişənin həlli ilə bağlı fəaliyyət göstərməsi də artıq absurddur"

"Deyəsən, Dağlıq Qarabağ probleminin həlli istiqamətində yeni "həll variantı" tapılıb. Özü də bu "həll variantı"nı 20 ildən artıqdır ki, münaqişənin həlli istiqamətində heç bir irəlilləyişə nail ola bilməyən, yalnız regiona turistik səfərlər edərək, boş-boş bəyanatlar səsləndirməklə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri və onları təmsil edən üç həmsədr ölkə tapıb. Bu "həll variantı" isə, Dağlıq Qarabağın separatçı rejiminin tərəf kimi qəbul edilməsidir. Hər halda, separatçı rejimin rəhbəri Bako Saakyanın üç həmsədr ölkəyə baş tutan səfərləri, eləcə də, vasitəçilərin regiona səfərləri zamanı onların Azərbaycanın icazəsi olmadan işğal altında olan ərazilərə səfər edərək, orada separatçıların lideri ilə görüşmələri belə deməyə əsas verir.» Politoloq Elxan Şahinoğlu hesab edir ki, bu səfərlərin arxasında Azərbaycan üçün başqa təhlükəli tendensiya gizlənir: "Həmsədr dövlətlər separatçıların liderini Paris, Vaşinqton və Moskvaya dəvət etməklə, bizə onu tərəf kimi sırımağa çalışırlar. Beləcə həmsədrlər Ermənistan hakimiyyətinin illərdir bizə qəbul etdirməyə çalışdıqları mexanizmi işə salmaq istəyirlər. Elə Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın da istəyi budur".

Ermənistan isə hələ də Azərbaycan Ordusunun gücündən danışır

Politoloq Qabil Hüseynli bildirib ki, bu 27 il ərzində ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərindən müsbət heç nə gözlənilməyib və bundan sonra da gözləmirəm: "Çünki həmsədr dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ikili standart mövqeyi hər kəsə məlumdur. Minsk Qrupu həmsədrləri 27 ildən çoxdur ki, münaqişənin həlli ilə bağlı regiona gəlib, boş bəyanatlar verməklə məşğuldurlar. Həmsədrlərin münaqişənin həlli ilə bağlı əməldə heç bir addım atmayıblar. Avropa qurumlarının, həmsədr ölkələrinin ermənilərin işğalına və separatçılara qarşı mövqeləri bu gün onların öz başlarında çatlayır. Artıq onlar da terrorun və separatizmin qurbanına çevriliblər. Bu da ikili standartların nəticələridir. Bu baxımdan, hesab edirəm ki, həmsədrlərin əvvəlki səfərləri kimi, budəfəki səfəri də digərlərindən fərqlənməyəcək. Fərqlənsəydi, Azərbaycan Ordusunun mayoru Aqil Ömərov erməni snayperi ilə vurularaq, şəhid olmasına münasibət bildirilərdilər. Belə ATƏT-in Minsk Qrupunun erməni həyasızlığından doğın ikili standartı göz qabağındadır və onların fəaliyyəti də mənasızdır".

RƏFİQƏ HÜSEYNOVA