"ABŞ dövlət katibi Mayk Pompeo İsveçrədə rəsmi səfərdə olarkən maraqlı bir fikir söyləyib. Pompeo deyib ki, "Əgər İran özünü normal ölkə kimi aparmaq istədiyini göstərsə ABŞ İranla şərtsiz danışıqlara hazırdır". Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, Pompeonun bu açıqlaması İran prezidenti Həsən Ruhaninin bəyanatına cavab idi: "Belə ki, Ruhani demişdi ki, ABŞ İrana hörmətlə yanaşsa danışıqlara gedə bilərik.
Əlbəttə, hər iki dövlət yaxşı anlayır ki, vəziyyət daha da gərginləşərsə bu heç bir dövlətə xeyir verməyəcək. Bu mənada ABŞ-ın belə bir addım atacağını gözləməyə deyərdi. Çünki, ABŞ prezidenti Donald Tramp büdcədən maliyyə çox gedir deyə Yaxın Şərqdə də maliyyəni kəsir demək olar ki. Hansı ki, bunu özü də dəfələrlə qeyd edib ki, ABŞ Yaxın Şərqdə 7 trilyondan çox pul xərcləyib və bu faciədir. Yəni, Tramp seçkilərə az qalmış bir zamanda hər hansı gərginlik və ya təzyiq görmək istəmir. Bu da başa düşüləndir. Çünki, ABŞ-da dekabr ayında keçirilmiş aralıq seçkilərindən sonra konqresdə demokratlarla respublikaçıların sayı demək olar ki, bərabərləşdi. Bu mənada Tramp artıq atdığı hər addımda təzyiqlə üzləşir. Belə ki, demokratlar hakimiyyətdə olarkən daha çox yumşaq siyasət aparır, Rusiya və İran kimi dövlətlərlə diplomatik münasibətlər bərpa edilir və.s Bu səbəbdən də Tramp yaxşı başa düşür ki, bu tip məsələlər seçkilərdə onun əleyhinə işləyə bilər. Çünki, Tramp amerika xalqına arxalanır. Xalq ondan olduqca razıdır. Trampın xarici siyasəti tənqid edilsə də daxili siyasəti olduqca yaxşı qarşılanır. Onun gəlişindən sonra nəzərə çarpacaq dərəcədə iqtisadi artım müşahidə edilib. Təbii ki, xalqın da istədiyi məhz budur.
Həsən Ruhaninin son bəyanatı nəyə hesablanmışdı?
Düşünürəm ki, son olaylar İranı olduqca narahat edir. Belə ki, İranın əsas gəliri neft hasilatındandır. Yəni, bir çox böyük dövlətləri neftlə təmin edir. Lakin, son xəbərləri nəzərə alsaq Çin və Hindistan kimi əsas alıcılar İrandan neft idxalını dayandırır. Bu isə İranın sonunun başlanğıcı hesab edilə bilər. Çünki, əsas gəlir mənbəyi məhz həmin ölkələrdəndir. Bu mənada ABŞ-ın iqtisadi sanksiyalarından olduqca əziyyət çəkir. Hansı ki, belə davam edərsə, yəni iqtisadi sanksiyalar qüvvədən düşməsə, əməkdaşlıqlar bərpa edilməzsə ölkə daxilində də ciddi problemlər yaşayacaq İran. Çünki, iqtisadi çətinliklərdən əziyyət çəkən xalq ayağa qalxa bilər və ölkəni etiraz dalğası bürüyər. Bu səbəbdən də Həsən Ruhani müəyyən güzəştlərə getməyə hazır olduğunu vurğulayır.
Bütün bunlar bir müsbət nəticə verəcəkmi?
Pompeo İsveçrədə bir məsələni də vurğulayıb ki, istənilən halda ABŞ İranın Yaxın Şərqdəki "ziyanlı fəaliyyəti" üçün mübarizə aparacaq. Güman edirəm ki, bu "ziyanlı fəaliyyət" terror qruplaşmaları ilə bağlıdır. ABŞ-ın bu bölgədə ən yaxın müttəfiqi İsraildir. Bu qruplaşmalar isə İsraili narahat edir. Bu mənada ABŞ-ın bu kimi şərtləri irəli sürməyi normaldır. Lakin, bir məsələni də unutmaq olmaz ki, İran Suriyaya "Red Line" Kimi baxır. Yəni, əgər Suriya düşsə İranı daha böyük təhlükələr gözləyir. Bu mənada İran məcburdur ki, Suriyada öz varlığını davam etdirsin. Düşünürəm ki, bu məsələdə İran güzəştə gedərsə tərəfdaş olduğu Rusiyadan yardım alacaq. Hansı ki, təhlükəsizliyi üçün qarant rolunu oynaya bilər Rusiya. İstənilən halda Rusiya da imkan verməz ABŞ-ın bu qədər irəliləməyinə.
ABŞ ilə İran arasında diplomatik əlaqələr olmadığı üçün bu məsələdə vasitəçi İsveçrədir. Lakin, hesab edirəm ki, Türkiyə də bu məsələ ilə bağlı aktivlik göstərə bilər".