Əlcəzairdə prezident seçkiləri təxirə salınıb. SİA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Əlcəzair Konstitusiya Şurası iyulun 4-də keçiriləcək prezident seçkilərində iştirak etmək istəyən iki siyasətçini qeydə almayıb.
Xatırladaq ki, Əlcəzairdə aparıcı siyasi qüvvələr və prezidentliyə potensial namizədlər seçkiləri baykot edib. Namizədlərin qeydiyyatı üçün sənədlərin verilməsi üçün ayrılan müddət başa çatan gün son anda ölkədə məşhur olmayan iki siyasətçi - Abdelhəkim Hamad və Həmid Tuaxri sənədlərini təqdim edib. Qanuna əsasən, namizəd olmaq istəyənlər sağlamlıq barədə arayış, ölkənin müxtəlif əyalətlərindən 60 min seçici imzası, yaxud 600 deputatın imzasını təqdim etməlidir.
Konstitusiya Şurasının bəyanatında qeyd edilib ki, qeydiyyata alınmış namizəd olmadığından iyulun 4-də prezident seçkilərinin keçirilməsi mümkün olmayacaq.
Qeyd edək ki, Əlcəzairdə 3 aydır ki, siyasi böhran davam edir. Etiraz aksiyaları nəticəsində 1999-cu ildən hakimiyyətdə olan sabiq prezident Əbdüləziz Buteflika aprelin 2-də postunu tərk etməli olub. Konstitusiyaya əsasən ölkəyə müvəqqəti parlamentin Yuxarı Palatasının sədri Əbdülkader Bensalah başçılıq edir. Ancaq Əlcəzair müxalifəti sabiq prezidentə yaxın olan Əbdülkader Bensalaha inanmır və ona görə də iyulun 4-də prezident seçkilərinin keçirilməsinə qarşı çıxıb. Əbdülkader Bensalahın səlahiyyət müddəti iyulun 9-da başa çatır.