Fərzəli Qədirov: “Bütün ölkə üzrə rasionallaşdırma tədbirləri barədə xüsusi proqram hazırlanır” - AÇIQLAMA
5 Fevral 2011 02:12 (UTC+04:00)
"Məktəb şəbəkəsinin rasionallaşdırılması" ilə əlaqədar Dövlət Proqramı çərçivəsində artıq işlərə başlanıb. Bu barədə SİA-ya açıqlamasında məlumat verən Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov məlumat verib. O bildirib ki, bu proqram çərçivəsində ilk növbədə kiçik şagirdli məktəblərin açılmasının qarşısını alınıb.
Şöbə müdirinin sözlərinə görə, son illərdə özünü doğrultmayan, müəyyən mənada problem yaradan kiçik şagird kontingentli məktəblər tipinin dəyişdirilməsi ilə bağlı müəyyən qərarlar qəbul edilib. F.Qədirov vurğulayıb ki. bəzi rayonlarda kiçik ibtidai məktəblər ləğv olunub, bəzi rayonlardakı ümumi orta məktəblərin şagird kontingentinin sayı az olduğu üçün onlar ibtidai məktəbə çevrilib. Onun fikrincə, hətta bəzi yerlərdə tam orta məktəbdə şagirdlərin sayı kifayət qədər az olduğu üçün onlar ümumi orta məktəblərə çevriliblər.
"Amma ümumilikdə bütün ölkə üzrə rasionallaşdırma tədbirləri barədə proqram hazırlanır. Proqram hazırlanıb, təsdiq edildikdən sonra bu işlərə daha sistemli şəkildə başlanacaq. Bu proqramda ilk növbədə hansı rayonlarda rasionallaşdırma tədbirləri tətbiq ediləcək məktəblər müəyyənləşdiriləcək. Hansı məktəblərin birləşdiriləcəyi, bağlanacağı, tipinin dəyişdiriləcəyi, hansı məktəblərdən şagirdlərin digər məktəblərə daşınacağı, bu və ya digər məsələlər proqramda illər üzrə öz əksini tapacaq", - deyə o əlavə edib.