İranın Ankara səfirliyi qarşısına qara çələng qoyulub

5 Fevral 2011 02:04 (UTC+04:00)

Azərbaycanla Həmrəylik Qrupunun üzvləri İranın Ankara səfirliyi qarşısında piket keçirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qrupun üzvləri İranın Azərbaycanın daxili işlərinə müdaxilə etdiyini bildirərək səfirlik binasının qarşısına qara çələng qoyublar.

 

Səfirlik qarşısında qrup adından çıxış edən İğdır Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Ənvər Türkoğlu İranın Azərbaycan torpaqlarını işğal edən Ermənistana hərbi, iqtisadi və siyasi dəstəyini hər keçən gün daha da artırdığını söyləyib. O, bildirib ki, Türkiyədə yaşayan Azərbaycan türkləri olaraq İranın bu dəstəkdən imtina etməsini tələb edir. Azərbaycanın bölgədə güclənməsindən narahat olduğunu deyən Ə.Türkoğlu bu ölkənin müxtəlif vasitələrlə Azərbaycanın daxili işlərinə qarışdığını ifadə edib.

 

İranda yaşayan 35 milyon Azərbaycan türkünün öz ana dillərində təhsil ala bilmədiyini vurğulayan İğdır Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri ən adi hüquqların verilməsini tələb edənlərin təzyiqlərə məruz qaldığını dilə gətirib.