Daha bir ölkə lideri geri addım atdı

5 Fevral 2011 00:17 (UTC+04:00)

Bir-birinin ardınca baş verən xalq üsyanları ilə çalxalanan Orta Şərq və Şimali Afrikadakı etirazlar daha bir dövlət başçısını geri addım atmağa məcbur edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Əlcəzair prezidenti Əbdüləziz Buteflika 1992-ci ildən qüvvədə olan hərbi vəziyyətin "çox yaxın bir gələcəkdə" ləğv olunacağını bildirib.

Etirazları yatırmaq üçün ərzaq qiymətlərini endirən Ə.Buteflika nazirlərlə görüşündə bildirib ki, dövlət tərəfindən nəzarət edilən Əlcəzair televiziyası və radiosunda bütün siyasi partiyaların söz demək haqqı olmalıdır. O, azadlığın anarxiyaya çevrilməməsi üçün bütün siyasi partiyaların hüquqa uyğun davranmasının lazım olduğunu da söyləyib. Prezident eyni zamanda ölkədə işsizliyin aradan qaldırılması və gəlirin artması üçün tədbirlər görüləcəyini bildirib.

Ölkədə keçən ay ərzaq qiymətlərinin artımına etirazlarda iki adam ölmüşdü. "Əl-Ərəbiyə" televiziyanının xəbərinə görə ölkə müxalifəti Buteflikaya etiraz olaraq 12 fevralda böyük bir nümayiş təşkil edəcək. Məlumatda deyilir ki, nümayişdə hərbi vəziyyət qanunlarına söykənərək hər cür müxalif çıxışların qarşısını alan Buteflika rejiminin sona çatması tələb ediləcək. Müxalifət hökumətin 1992-ci ildən qüvvədə olan hərbi vəziyyətdən bütün siyasi etirazları qadağan etmək üçün bəhanə olaraq istifadə etdiyini söyləyir.

Qeyd edək ki, Əlcəzairdə hərbi vəziyyət 19 il əvvəl, "Əl-Qaida" ilə mübarizə aparmaq üçün elan edilib.