Emeri Bakını fəth edə bilmədi İTAR TASS

30 May 2019 09:27 (UTC+04:00)

UEFA oyuna qədər erməni futbolçunun Bakıya gəlməsi və siyasətin idmana təsir etməməsi üçün hər şey etdi lakin...

Bakıda UEFA liqasının finalnda İngiltərənin “Çelsi” klubunun Arsenalı 4:1 hesabı ilə darmadağın etməsi və kuboka sahib olması dünya mətbuatında geniş şərh olunmaqdadır. SİA xəbər verir ki, Rusiyanın İTAR TASS agentliyi “Emeri Bakını fəth edə bilmədi” başlıqlı yazısında oyun barədə və digər təfsilatlar haqqında yazı dərc edib. “Arsenal”ın qapıçısı Peter Çex üçün sözügedən finalın son oyun olduğunu yazan agentlik 37 yaşlı çexiyalı futbolçunun oyundan öncə qələbə əzmində olduğunu qeyd edib. Lakin qarşılaşmanın ikinci hissəsində qapısından dörd qol buraxan Çexin futbolu tərk etməsi fikrindən daşınacağı mümkünlüyünə də toxunulub. Belə ki, oyundan sonra Çex futboldan gedib-getməyəcəyi barədə düşünməli olduğu bildirib.

“Arsenal”ın erməni yarımüdafiəçisi Henrix Mxitaryanı Bakıya gətirməməsi məsələsinə də toxunan İTAR TASS yazır ki, buna səbəb kimi Ermənistanla Azərbaycan arasında 30 ildir davam edən Dağlıq Qarabağ münaqişəsi göstərilsə də, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) oyuna qədər erməni futbolçunun Bakıya gəlməsi və siyasətin idmana təsir etməməsi üçün hər şey etdi və oyunçunun təhlükəsizliyinə zəmanət verdi. “Lakin “Arsenal” rəhbərliyi sığortalanmağı qərara aldı”, deyə agentlik yazıb.

Daha bir məqama da toxunularaq qeyd edilib ki, Avropa Liqasında ilk dəfə VAR - videoyardım sistemi məhz Bakıda istifadəyə verilib. Belə ki, referilər bu sistem vasitəsi ilə hər hansı mübahisəli məqamları yenidən izləmək imkanına malikdirlər. “Lakin Bakıda italiyalı hakim Canluka Rokki bir dəfə də olsa, həmin sistemi istifadə etmədi”, deyə qeyd olunub.

Rövşən NURƏDDİNOĞLU