"Mən görüşlərim zamanı hiss etdim ki, hamı həqiqətən də vəziyyətdən çox narahatdır. Vəziyyət heç bir dövrdə asan olmasa da hazırda vəziyyət həqiqətən də gərginləşir. Böyük oyunçulardan heç biri bölgədə partlayışın olmasını istəmir. Son zamanlar Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasındakı görüşləri bölgədəki gərgin vəziyyəti maksimum azaltmaq baxımından əhəmiyyətli hesab edirəm". SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Rusiyada səfərdə olan Litvanın xarici işlər naziri, ATƏT -in sədri Audronyus Ajubalis keçirdiyi mətbuat konfransında bəyan edib.
O, qeyd edib ki, Dağlıq Qarabağdakı gərginliyin yeni bir partlayışa səbəb olmasına yol verilməməlidir: "Mən bu yaz Azərbaycana və Ermənistana səfərimdə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəyəm. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqların ATƏT-in Minsk qrupu çərçivəsində aparılmasını dəstəkləyirik. Münaqişənin sülh yolu ilə həlli üçün etimad mühitini möhkəmləndirmək lazımdır. Ən vacib məsələ isə ondan ibarətdir ki, vəziyyətin gərginləşməsinə imkan vermək olmaz. Bu gərginlik xüsusilə 1 ildir ki, artır. Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdən narahatıq".