Donald Tramp: "Azərbaycanın iqtisadi uğuru bütün regiona sabitliyin gətirilməsinə yardım edəcəkdir"
Bu gün beynəlxalq birliyin ən fəal üzvlərindən birinə çevrilən Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Etiraf etmək lazımdır ki, ABŞ planetimizin əsas güc mərkəzlərindən biridir və yeni dünya düzəninin qurulmasında bu ölkənin kifayət qədər böyük rolu var. Bu mənada Azərbaycanla ABŞ arasındakı münasibətlər xüsusi əhəmiyyət kəsb edir.
Siyasi, iqtisadi, sosial və humanitar sahələrdə keyfiyyətcə yeni xarakter alan və beynəlxalq münasibətlər sistemində güclü siyasi arxitekturaya çevrilən Azərbaycan-ABŞ əlaqələri pozitiv şaxə alaraq daha dərin məna və məzmun kəsb etməkdədir. Hər iki ölkənin formalaşdırdığı geniş və güclü əməkdaşlıq platforması regionda dinamikliyi və uzunömürlü humanitar gələcək üçün siyasi hərarəti ilə diqqəti cəlb edir. Münasibətlərin dərinləşməsinə hər il bir çox iqtisadi komponentlərin əlavə olunması ABŞ-Azərbaycan əməkdaşlığına impuls verir, yeni seqmentlər qatır.
Azərbaycanın beynəlxalq tərəfdaşları arasında ən ön yerlərdən birini tutan və güclü siyasi etibarlılıq və etimadlılıq nümayiş etdirən Amerika strateji tərədaşlığın əsas brendlərindən birinə çevrilməsini öz siyasi qətiyyəti ilə nümayiş etdirib, təsdiq edib. Eyni zamanda, Azərbaycan ikitərəfli əlaqələrdə öz siyasi diplomatiyası ilə tərəfdaşlıqda səmimi və praqmatikliyini bariz şəkildə təsdiqləyib. Azərbaycanın xarici siyasət kursu geniş komponentli, geniş diapazanlu balanslaşdırılmış təməllərə söykənən müstəvidə və tarazlı kursa uyğun müəyyən olunub. Bu kurs müəyyənləşdirilərkən ilk növbədə bütün tərəflərlə bərabər və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Ötən illlər ərzində Azərbaycanın ABŞ-la balanslaşdırılmış xarici siyasət kursu bir qədər də möhkəmlənərək həm post-sovet ölkələri, həm də Avropanın, Asiyanın, Amerikanın, eləcə də Afrika və Yaxın Şərq dövlətləri ilə səmimi münasibətlərin simvoluna çevrilib. Respublikamızın Amerika ilə münasibətləri səmimi dostluq münasibətlərinə, qarşılıqlı maraqlara söykənərək inkişaf edir. Tərəfdaş dövlətlərlə siyasi-iqtisadi əlaqələr çox fəal siyasi dialoq mühitində inkişaf edərək iqtisadi əməkdaşlığa, elmi-mədəni əlaqələrin yüksəlməsinə, humanitar əməkdaşlığa öz töhfəsini verməkdədir.
Xarici tərəfdaşlarla ən yüksək formatda əlaqələrinvə dinamik təmasların möhkəmlənməsi və yeni frazaya daxil olmasında bu fundamental konsepsiyanın müəllifi, birbaşa təşəbbüskarı və ideoloqu kimi Prezident İlham Əliyevin qətiyyətli addımları ilbəil öz təsir gücünü artırır, dövlətlərarası əlaqələrin daha çoxçalarlı inkişafına zəmin yaradır. Kamil və geniş, qlobal dünyagörüşə, analitik təhlil bacarığına, praqmatik baxışlara malik olan mükəmməl siyasi xadim olan Prezident İlham Əliyev özünəməxsus idarəçilik keyfiyyətləri ilə regionda digərləri üçün örnək ola biləcək ənənələri formalaşdırır, daim yeniliklər axtarışında olduğunu öz əməli nəticələri ilə nümayiş etdirir. Ölkəmiz milli maraqlar çərçivəsində dünyanın bütün aparıcı beynəlxalq təşkilatları ilə, o cümlədən, böyük dövlətlərlə münasibətlər qurur, əlaqələrini genişləndirir və inkişaf etdirir. Azərbaycan-ABŞ münasibətləri də bu kriteriyalara söykənir. Bütün bu müsbət meyillərin ən yaxşı təzahürləri də məhz ABŞ-Azərbaycan əlaqələrinin hər bir sektorunda özünü göstərməkdədir. Bölgədə müəyyən iqtisadi maraqlarını gerçəkləşdirməyə çalışan ABŞ-la münasibətlər xarici investisiyaların cəlb edilməsi, dünya iqtisadiyyatına inteqrasiya, qlobal əhəmiyyətli regional layihələrin reallaşdırılması, ölkənin maliyyə gəlirlərinin artırılması və digər bu kimi hədəflərə yönələn Azərbaycanın mənafelərinə uyğundur.
ABŞ Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, tərəflər arasında bir çox istiqamətləri əhatə edən yüksəksəviyyəli münasibətlər mövcuddur. Tərəflər arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. İstər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edərək getdikcə öz əhatə dairəsini genişləndirməkdədir. Azərbaycan Birləşmiş Ştatlarla geniş iqtisadi əməkdaşlıq əlaqələri qurub. Bu əməkdaşlığın əsas istiqamətlərini isə Azərbaycanda neft və qaz sektorunun inkişafı, yeni boru kəmərlərinin tikintisi və istismarı, Şərq-Qərb dəhlizi boyu infrastruktur layihələrinin həyata keçirilməsi, qeyri-neft sektoru sahəsində qarşılıqlı ticarətin genişləndirilməsi və s. təşkil edir. İki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsinin göstəricilərindən biri olaraq ticarət dövriyyəsinin həcmi də ildən-ilə artmaqdadır.
ABŞ-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirən ən əsas məqamlardan biri Azərbaycanın karbohidrogen ehtiyatları, həmçinin, bu ehtiyatların daşındığı əsas tranzit ölkəsi olmasıdır. Həmçinin Azərbaycan-ABŞ münasibətlərinin mühüm istiqamətlərindən birini hərbi-siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq təşkil edir.
Qeyd edək ki, dünyanı narahat edən bir çox məsələlərdə Azərbaycanla ABŞ-ın mövqelərinin üst-üstə düşməsi uzunmüddətli strateji əməkdaşlığa imkan verən başlıca faktorlardandır. Belə ki, hər iki ölkə dünyada sülh və təhlükəsizliyin, əmin-amanlığın tərəfdarı kimi çıxış edir. Bu baxımdan, Azərbaycanla ABŞ arasında terrorçuluqla mübarizə sahəsində əməkdaşlığı xüsusi vurğulamaq lazımdır.
Hər iki ölkə demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsi, insan hüquqlarına hörmət edilməsi kimi məsələlərdə əməkdaşlığın vacibliyinin şərt olduğunu bildirib və bu istiqamətdə əməkdaşlıq nümayiş etdirib. Beynəlxalq terrorizmə qarşı mübarizədə sərgilədiyi fəaliyyətlə yanaşı, Azərbaycan həm də yerləşdiyi bölgədə sülhün bərqərar olmasında mühüm rola malikdir. Bu gün aydındır ki, Cənubi Qafqaz bölgəsinin inkişafına, dövlətlərarası münasibətlərin daha yüksək səviyyədə qurulmasına, o cümlədən, dünyaya inteqrasiyanın daha yüksək sürətlə həyata keçirilməsinə və sülhün təminatına ən böyük maneə məhz Ermənistanın işğalçı siyasətidir. Azərbaycan torpaqlarını işğal altında saxlayan və artıq uzun illərdir ki, qeyri-konstruktiv mövqe nümayiş etdirməklə Ermənistan özünü beynəlxalq layihələrdən kənarda saxlayıb və regionun ümumi inkişaf tempindən dəfələrlə geridə qalıb. Münaqişənin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ regionda sülhün bərqərarı istiqamətində fəaliyyət nümayiş etdirir.
Qeyd edək ki, son bir neçə gündə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə iki təbrik məktubu ünvanlanması da ABŞ-Azərbaycan əlaqələrinin yüksək səviyyəsini, Amerikanın Azərbaycana yüksək önəm verdiyini aydın göstərir. Prezident Donald Tramp mayın 24-də 28 may Respublika günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda ABŞ-Azərbaycan əlaqələrini “bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq kimi səciyyələndirir”. Siyasi, iqtisadi, enerji, təhlükəsizlik və digər sahələri əhatə edən bu tərəfdaşlıq yüksələn xəttə üzrə inkişaf edir. Azərbaycanın həyata keçirdiyi qlobal enerji layihələri Avrasiyanın enerji xərisini dəyişdirir, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Azərbaycan sülhməramlıları beynəlxalq koalisiyanın tərkibində dünyanın müxtəlif qaynar nöqtələrində sülh və sabitliyin bərqarar olmasında fəal iştirak edirlər. Azərbaycan terrorizm də daxil olmaqla beynəlxalq təhlükəsizliyi təhdid edən hallara qarşı fəal mübarizənin önündə gedən ölkələrdən biridir.
ABŞ Prezidenti “Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində” Prezident İlham Əliyevin liderliyini xüsusi vurğulayır və dəyərləndirir. Bu, bir daha Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və prinsipial siyasi kursun təkcə Azərbaycanın milli maraqlarının təmin olunmasına yönəlmədiyini, həm də regionda və daha geniş coğrafiyada səmərəli əməkdaşlığın və qarşılıqlı etimadın yüksəlməsinə xidmət etdiyini göstərir.
ABŞ Prezidenti Azərbaycanda islahatlar istiqamətində, xüsusilə də qanunun aliliyi sahəsində Azərbaycan xalqının mənafeyinə xidmət edəcək və iki ölkə arasında əməkdaşlığın dərinləşməsi üçün imkanlar yaradacaq bütün addımları alqışlayır. Bir daha görünür ki, AB, Azərbaycanda həyata keçirilən islahatlar kursunu yaxından izləyir, onun nəticələrini görür və perspektivini yüksək qiymətləndirir. ABŞ Prezidenti hesab edir ki, bu islahatlar Azərbaycanın rifahına xidmət etdiyi kimi, həm də ölkəmizin beynəlxalq əlaqələrinin daha da yüksəlməsinə töhfə verir.
Cənab Tramp Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində şəxsi iştirakını və səylərini təqdir edir.
ABŞ Prezidenti iki ölkə arasında tərəfdaşlığın gələcək illərdə də inkişaf etməsini səmimiyyətlə arzulayır.
ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsinin 26-cı ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda bildirib: “Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmamışdır. Cənub Qaz Dəhlizi daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir.
Türkmənistan və Şərqi Aralıq dənizi hövzəsi ölkələri kimi digər potensial təchizatçılarla tərəfdaşlıq quraraq Azərbaycan daha böyük liderlik rolu oynaya bilər. Ölkənizin uğurlarını genişləndirməyin əsl vaxtıdır.
Amerika Birləşmiş Ştatları xarici sərmayələrin cəlb edilməsi və innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatların davam etdirilməsində səylərinizi dəstəkləyir. Azərbaycanın iqtisadi uğuru bütün regiona sabitliyin gətirilməsinə yardım edəcəkdir. Mən birgə səylərimizlə Cənubi Qafqazın daha da dinc, demokratik və firavan olması üçün əməkdaşlığımızın davamlı olmasını arzulayıram”.
"SƏS" Analitik Qrup