Azərbaycan bazarında kənd təsərrüfatına xidmət etmək üçün daha böyük maliyyə kapitalına sahib quruma ehtiyac var. SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev deyib. Kənd təsərrüfatını inkişaf etdirmək üçün lazım olan maliyyə tələbatının ən azı bir milyard manat olduğunu bildirən konfederasiya sədri əlavə edib ki, buraya ümumilikdə kiçik, orta və böyük sahibkarlığın maliyyələşdirilməsinə lazım olan vəsait daxildir. Konfederasiya sədri bildirib ki, hökumətin bu istiqamətdə addım atacağına ümidvardır.
Azərbaycan üçün brend sayılan sahələrin yenidən inkişafına ehtiyac olduğunu dilə gətirən M.Musayev qeyd edib ki, çayçılıq bu cür sahələrdəndir: "Çayçılığın gəlir verməsi üçün təxminən 10 il lazımdır. Dünyada da çaya olan tələbat artıb. Tələbatı nəzərə alaraq çayçılığı inkişaf etdirmək üçün bu sahəyə 8-10 illik kreditlər verilməlidir".
Təkliflərin qəbul edilməsinin nə qədər real olmasına gəlincə, M.Musayev bunda mətbuatın rolunun da böyük olduğunu bildirib: "Sizlərin dəstəyi ilə də buna nail ola bilərik. Sadəcə, bu təklifləri müvafiq qurumların diqqətinə çatdırmaq lazımdır".