Mixail Saakaşvilinin anası Azərbaycan Dillər Univeristetinin qonağı olub-TƏDBİR
4 Fevral 2011 21:58 (UTC+04:00)
Bu gün Gürcüstan prezidenti Mixail Saakaşvilinin anası, "Gürcüstan və Azərbaycan Dostluq Evi"nin rəhbəri Qiuli Alasaniya Azərbaycan Dillər Universitetində (ADU) olub. SİA-nın xəbərinə görə, Azərbaycana səfəri çərçivəsində baş tutan görüşdə Q.Alasaniya və onu müşayiət edən nümayəndə heyəti universitetin rektoru Səməd Seyidovla, eləcə də universitetin professor-müəllim heyəti ilə də müxtəlif mövzularda söhbətlər aparıb.
Görüşdə ilk öncə qonağı salamlayan ADU-nun rektoru Səməd Seyidov onun ölkəmizə səfərini yüksək qiymətləndirib. O, Azərbaycan və Gürcüstan arasında dostluq, əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. S.Seyidov qeyd edib ki, bu münasibətlərin hər zaman yüksək səviyyədə qalması, inkişaf etməsi üçün hər iki ölkə tərəfindən çox mühüm işlər görülür.
Daha sonra universitetin fəaliyyəti barədə qonağa ətraflı məlumat verən rektor bildirib ki, burada müxtəlif xalqların dilləri tədris olunur: "Univeristetdə müxtəlif beynəlxalq mərkəzlər fəaliyyət göstərir. Bizim üçün ən şərəfli iş ali məktəbdə Qafqaz Mərkəzinin fəaliyyət göstərməsi və burada gürcü və erməni dilinin tədris edilməsidir. Bu gün dostunu, düşmənini daha yaxından tanımaq və onunla mübarizə aparmaq üçün onların dilini bilmək çox vacib və əhəmiyyətlidir. Bir sözlə bu gün ADU-da təhsil sistemi təkmilləşdirilir və burada beynəlxalq dövlətlərlə əməkdaşlığa xüsusi önəm verilir".
S.Seyidov bildirib ki, Gürcüstanla Azərbaycan arasında mövcud olan dostluq münasibətlərindən əlavə, iki ölkənin təhsil əlaqələri günü-gündən yüksəlir və daha da inkişaf edir. Onun sözlərinə görə, iki ölkənin təhsil sistemində birgə beynəlxalq layihələr, proqram icra olunur.
Qonaq Q.Alasaniya isə iki ölkə arasında mövcud əlaqələrin inikişafını yüksək qiymətləndirib və bu münasibətlərin hər zaman yüksələn xətlə inkişaf edəcəyinə inandığını söyləyib. O, çıxışı zamanı Gürcüstan təhsil sistemində mövcud vəziyyət, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Qonaq qeyd edib ki, ölkədə mövcud olan universitetlərdə, təhsil sistemidə inkişaf gedir. Təhsil sisteminin inkişafı üçün dövlət tərəfindən çox mühüm işlər görülür.
"Prezident fondu tərəfindən magistratura pilləsi üzrə təhsil almaq istəyən gənclərin xaricdə təhsillərini davam etdirmələri üçün müəyyən məbləğdə vəsaitlər ayrılır. Artıq bütün məktəblər kompüterlərlə təchiz olunub. Bugün Gürcüstan məktəblərinin hər 1 sinfinə gedən şagirdin noutbuku var. Hər il müxtəlif ölkələrdən müəllimlər, professorlar Gürcüstanda dərs keçmək üçün dəvət olunurlar. Ötən il 1000-ə yaxın amerikalı müəllim bu prosesə cəlb olunub", - deyə o əlavə edib.
Sonra Səməd Seyidov universitet tərəfindən hazırlanan müxtəlif kitabları qonağa hədiyyə edib. Bundan əlavə, Q.Alasaniya universitetdə yaradılan şərait, beynəlxalq tədris mərkəzləri ilə tanış olub.