Çingiz Abdullayev plagiat kitab satışının qarşısının alınması üçün müvafiq dövlət qurumlarına müraciət edib

4 Fevral 2011 07:51 (UTC+04:00)
Xalq yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev plagiat kitab satışının qarşısının alınması üçün müvafiq dövlət qurumlarına müraciət edib. SİA-nın məlumatına görə, bunu yeni kitabının təqdimatında çıxışı zamanı yazıçının özü bildirib.

Ç. Abdullayev vurğulayıb ki, bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət edib: "Əsərlərimin çox aşağı səviyyədə tərcümə olunub satışa çıxarılmasından çox narazıyam. Əsərlərimin tərcüməsi üçün Azərbaycanda iki şəxsə rəsmi icazə vermişəm. Ancaq yeni əsərlərim çapdan çıxandan 3 gün sonra onların Azərbaycan dilində satıldığını görürəm. Bu tərcümələr çox aşağı səviyyədədir, bu da oxucuya mənfi təsir göstərir. O şəxslər ki, əsərlərimi plagiat şəkildə icazəsiz satışa çıxarırlar, onlar tərcüməni belə özləri etmirlər. Əsəri kompyuter proqramı vasitəsi ilə tərcümə edirlər. Belə olanda bütün mövzu səhv, əsər yanlışlıqlarla dolu olur".

Ç. Abdullayev artıq neçə illərdir belə hallardan narahat olduğunu diqqətə çatdırıb və məhz bu səbəbdən də bu problemin aradan qalxması üçün müraciət ünvanladığını deyib: "Ümid edirəm ki, bu müraciətim müsbət nəticə verəcək və bu cür halların qarşısı alınacaq. Onlar bu cür yanlışlıqla qazanc əldə edirlər, əslində isə bu Azərbaycan oxucu kütləsinə olan hörmətsizlikdir. Mən bir yazar kimi buna göz yuma bilmərəm".