“Çinar ömrü” sənədli filmi nümayiş olunub- FOTO
4 Fevral 2011 06:47 (UTC+04:00)
Bu gün Azərbaycan Kinomatoqrafiya İttifaqında Rəsul Rzanın 100 illik yubileyinə həsr olunan "Çinar ömrü" sənədli filmi nümayiş olunub. SİA-nın məlumatına görə, təqdimatda Rəsul Rzanın oğlu, xalq yazıçısı Anar, millət vəkili Gülər Əhmədova, Kino İttifaqının katibi, xalq artisti Rasim Balayev, "Azərbaycan Televiziya və Radio Verilişləri" (AZTV) Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov və bir sıra mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
İlk olaraq çıxış edən Rasim Balayev bildirib ki, çox sevindirici haldır ki, AZTV-nin lentə aldığı sənədli film məhz Kino İttifaqında nümayiş olunur: "Baxmayaraq ki, bu film hələ AZTV-də göstərilməyib, ancaq ilk təqdimatı bu gün olacaq. Bu ekran əsəri çox uğurlu alınıb. Hesab edirəm ki, sənədli film geniş tamaşaçı kütləsi qazanacaq".
Daha sonra çıxış edən teatrşünas, əməkdar incəsənət xadimi İlham Rəhimli: "Film AZTV tərəfindən lentə alınıb. Rəsul Rzanın həyat və yaradıcılığını əks etdirən film 1 saat 65 dəqiqəni əhatə edir. Filmin çəkilişlərində bir çox dəyərli sənədlərdən istifadə edilib. "Çinar ömrü" adlandırılmasının səbəbi kimi Rəsul Rzanın ən çox sevdiyi ağaclardan birinin xan çinar olduğunu göstərib. Bundan başqa, Göyçay çinar ağacları ilə zəngin olan bir rayondur. Bir də çinar ən uzun ömürlü ağaclardan sayılır. Rəsul Rzanın yaradıcılığı da çinar qədər uzun ömürlüdür",- deyib.
Film redaktoru Camal Yusifzadə vurğulayıb ki, ekran əsərində Rəsul Rzanın keçdiyi ömür yoluna nəzər yetirmişik: "Bunun üçün Anara müraciət etmişdik. Baxmayaraq ki, bu filmi may ayında təhvil verməli idik, ancaq bəzi səbəblərdən bu günə təsadüf etdi. Çəkilişlər Göygöl, Moskva, Türkiyədə və respublikamızın bir çox yerlərində aparılıb".
Qeyd edək ki, filmin ssenari müəllifi xalq yazıçısı Anar, quruluşçu rejissoru xalq artisti Ramiz Həsənoğlu, operatoru Eldar Məmmədov, redaktoru isə Camal Yusifzadədir. Filmdə sənədli, xroniki materiallardan, müsahibələrdən, onun öz ifasında səsləndirdiyi şeirlərdən istifadə olunub. Filmdə aktyorlardan Elşən Rüstəmov, Məmməd Səfa, Vidadi Əliyev, Rövşən Kərimduxt çəkilib.