Vüqar Bayramov: ““Qara qızıl”in qiymətindəki dəyişikliklər birbaşa ərəb ölkələrində siyasi gərginliyin nə zaman başa çatmasından asılı olacaq”

4 Fevral 2011 02:42 (UTC+04:00)
Misirdə davam edən kütləvi iğtişaşlar, eləcə də ABŞ-da neft ehtiyatının artması barədə məlumatlar fonunda ötən gün dünya bazarlarında neft bahalaşıb. London birjasında "Brent Crude Oil" markalı neftin bir barelinin qiyməti 0,60 dollar artaraq, 102,34 dollara çatıb. Nyu-York birjasında isə "Light Sweet Crude Oil" markalı neft 0,09 dollar bahalaşıb. Bu markadan olan "qara qızıl"ın bir barelinin qiyməti 90,86 dollar təşkil edib.

Iqtisadçı alim Vüqar Bayramov bilidrir ki, dünya bazarında neftin bir barelinin 100 dolları ötməsi iqtisadi səbəblərdən daha çox siyasi səbəblərlə bağlıdır. Onun sözlərinə görə, monitorinq və qiymətləndirmələr dünya bazarında neftə olan tələbatın artmasının müşahidə olunmadığını gösətərir: "Əksinə, Avropa Birliyi ölkələrində neftə olan tələbatın azalması müşahidə edilir ki, bu da birbaşa qitədə müşahidə edilen iqtisadi böhran ilə bağlıdır. Eyni zamanda, ABŞ ve Çində neftə olan tələbatın artması müşahidə edilməyib. Bu baxımdan, neftin qiymətinin artması üçün iqtisadi zəminlər faktiki olaraq qeydə alınmayıb".

V.Bayramov qeyd edir ki, neftin qiymətinin yüksəlməsi daha çox Yaxın Şərqdə müşahidə edilən siyasi gərginliklə bağlıdır. Artıq bir sira şirkətlər Misirdə neft emalını dayandırıblar. Eyni zamanda Misirdə yaşanan gərginliyin, mintqlər dalğasının başqa ərəb ölkələrinə, xüsusən neft istehsal edən ölkələrə keçməsi istiqamətində psixoloji narahatçılıq yaranıb. Hansıki, bu da neft bazarında gərginliyin yaranmasına səbəb olub və investorlar neftin qiymətinin kəskin yuksəlməsindən ehtiyatlanırlar".

İqtisadçının fikrincə, neftin qiymətindəki dəyişikliklər birbaşa ərəb ölkələrində siyasi gərginliyin nə zaman başa çatmasından asılı olacaq. Belə ki, əgər "istefa dalgaları" neft istehsal edən ərəb ölkələrini "vurarsa" bu zaman "qara qızıl"ın qiymətində kəskin artımlar olacaq: "Bununla belə neftin qiymətində kəskin artımların olacaği ehtimalları kifayət qədər zəif qiymətləndirilir. Güman edilir ki, "Misir problemi" həll edildikdən sonra neft bazarındakı gərginlik yumşalacaq və bu da "qara qızıl"ın qiymətinin hər barel üçün 90 dollaradək azalmasina gətirib çıxaracaq".