Yeməkxanada başlayan mübahisə qanla bitib

4 Fevral 2011 01:30 (UTC+04:00)

Samux rayonunda iki nəfərin mübahisəsi qanla nəticələnib. Rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hadisə yanvarın 31-də rayondakı yeməkxanaların birində baş verib. Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Hüseynov Ceyhun Qəhrəman oğlu mübahisə zəmnində üzərində gəzdirdiyi bıçaqla digər Gəncə sakini, Rail Əbülfət oğlu Buludova 5 bıçaq zərbəsi endirib.

Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hadisə yerindən qaçan Ceyhun Hüseynov isə keçirilən əməliyyatla bir gün sonra tutularaq istintaqa cəlb olunub.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə cinayət işi açılıb.