Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib

3 Fevral 2011 22:04 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 2010-cu ilin yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Kollegiya iclasında dörd məsələ - 2010-cu il -"Ekologiya ilində" görülmüş işlər və qarşıda duran vəzifələr, Ətraf Mühitin Mühafizəsi, Meşələrin İnkişafı və Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentlərinin və onların tabeli qurumlarının 2010-cu il üzrə fəaliyyətlərinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

 

İclası açan Nazir Hüseynqulu Bağırov ölkə ekoloji problemlərin daha səmərəli həll edilməsi məqsədilə müvafiq sərəncamların imzalanması, eləcə də ölkəmizdə 2010-cu ilin dövlət başçısı tərəfindən "Ekologiya ili" elan edilməsinin bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasına parlaq nümunə olduğunu qeyd edib.

 

Həmçinin, iclasda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Bakı və onun ətrafında 3 milyon ağacın əkilməsi barədə təşəbbüsü ilə əlaqədar genişmiqyaslı işlərin aparıldığı da qeyd olunub.

 

Ötən il ərzində Kür-Araz boyu və digər yaşayış məntəqələrində 76 min əhalisi olan 34 yaşayış məntəqəsində sutəmizləyici qurğular quraşdırılmış, daha 29 yaşayış məntəqəsində isə işlər davam etdirilir.

 

Dəniz suyunun duzsuzlaşdırılması üzrə pilot layihənin hazırlanması məqsədilə tender keçirilmiş və qalib şirkət müəyyənləşdirilmişdir. Hazırda müvafiq avadanlığın ölkəyə gətirilməsi istiqamətində işlər davam etdirilir.

 

Nazirliyin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2010-cu il ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 2206 akt və 844 protokol tərtib olunub. Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 863 icrası məcburi olan göstəriş verilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 132, məhkəmələrə 143, məhkəmə icraçılarına 605 iş göndərilib.

 

Bundan əlavə, meşələrin artırılması sahəsində ötən il ərzində 10696 hektar sahədə meşəbərpa tədbirləri, o cümlədən 3521 hektar sahədə meşə əkini və səpini işlərinin həyata keçirildiyi, meşə əkinlərinin becərilməsi məqsədilə 32328 hektar sahədə xidmət, 31944 hektar sahədə suvarma işlərinin aparıldığı, müxtəlif ağac və kol cinslərindən 159452 kiloqram toxum və müəssisələr üzrə 38681 m3 həcmində oduncaq tədarük edildiyi qeyd edilib.

 

İl ərzində, ümumilikdə 49,97 hektar meşə fondu ərazisində yanğın hadisəsi qeydə alınmış, yanğın əleyhinə vaxtaşırı profilaktik və qabaqlayıcı tədbirlərin aparılması nəticəsində meşə fonduna ciddi ziyan dəyməyib. 2010-cu il ərzində MMBM-lərdə aparılan yoxlamalar zamanı 245813 manat köküstə nırx dəyərində 34483 m3 həcmində 61637 ədəd ağacın qanunsuz kəsildiyi aktlaşdırılıb. Keçən il ərzində meşələrin mühafizəsi sahəsində hüquq-mühafizə orqanlarına göndərilmiş 363 işdən cəmi 199 işə baxılması təmin edilib.

 

2010-cu ilin sentyabr-oktyabr aylarında qanun pozuntularına yol verdiklərinə görə 136 nəfər tutduğu vəzifədən azad edilmiş, 175 nəfərə töhmət, 68 nəfərə isə şiddətli töhmət verilib. 2010-cu il 8 iyul tarixli sərəncamı ilə Şahdağ Milli Parkının ərazisi 14613,1 hektar genişləndirilib.

 

Qeyd olunub ki, xüsusi mühafizə olunan təbiət ərazilərində qanun pozucularına qarşı 679 akt, 242 protokol tərtib edilmiş, təbiətə 65004,68 manat dəyərində ziyan hesablanmış, inzibati qaydada 164381 manat cərimə tətbiq edilmiş, 19 iş baxılması üçün hüquq-mühafizə orqanlarına (polis şöbələrinə), 84 iş rayon məhkəmələrinə və məhkəmə icraçılarına göndərilib. Bir sıra Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin, Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin və Milli Parkların rəhbərləri tutduqları vəzifədən azad olunmuş, bir neçə rəhbər işçilərə töhmət elan olunmuş, xəbərdarlıq edilmiş, vəzifəyə uyğun olub-olmamasının araşdırılması tapşırılıb.

 

Sonda, növbəti illər üçün prioritetlər müəyyənləşdirilib.