Ərəb dövlətlərində bir-birinin ardınca baş verən qiyamlar Orta Şərqin sərhədlərini aşaraq dünyanın super gücü olmağa hazırlaşan Çini də qorxudub. 2010-cu ildə Nobel sülh mükafatı alan müxalif siyasətçi Liu Şiaobonu hələ də həbsxanada saxlayan, özünüifadə azadlığını məhdudlaşdıran rəsmi Pekin Orta Şərqdəki hadisələrdən sonra senzuranı daha da gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, internetdə "Misir" sözünün axtarışı qadağan edilib.
Çinli internet istifadəçiləri "Misir" sözünü axtarışa verdikdə "Qanunlar və qüvvədə olan qaydalara görə, bu axtarışın nəticələri göstərilə bilməz" xəbərdarlığı görünür. "Facebook" və "Twitter" üzərindən senzuranı aradan qaldırmağa çalışan çinlilər isə Misir qiyamını həyəcanla müzakirə edirlər. Müxalif yazarlar senzuranın gücləndirilməsinin ölkədəki iqtisadi, ictimai və siyasi atmosferin getdikcə ağırlaşmasının nəticəsi olduğunu bildirirlər.