Ötən gün Bakı vaxtı ilə saat 16:53-də Rusiyanın Buryatiya Respublikasının ərazisində zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeraltı təkanların gücü 6,7 bal təşkil edib. Zəlzələnin episentri Buryatiyanın Biçura yaşayış məntəqəsindən 12,5 km cənubda qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat verilmir.
Eyni zamanda ABŞ-a məxsus Aleut adalarında zəlzələ baş verib. Yeraltı təkanların gücü 5,9 bal təşkil edib. ABŞ Geoloji xidmətinin verdiyi məlumata əsasən, zəlzələnin episentri Popov adasında yerləşən Send-Poynt şəhərindən 42 km aralıda qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat verilmir.
Sonuncu zəlzələ Çində qeydə alınıb. Belə ki, Çinin cənubunda Yunan vilayətindən 245 km aralıda 4,8 bal gücündə baş vermiş zəlzələ dağıntıya səbəb olub. 700 yaşayış evi zədələnib. Nəticədə, on minlərlə insan zərər çəkib. Yaralananların olduğu bildirilir. Təxminən, 64 min insan təhlükəli ərazilərdən təxliyə olunub. Hazırda hadisə rayonunda müvafiq işlər görülür.