Norveç Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Erlinq Şönsberq Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə partiyanın qərargahında görüşüb. SİA-ya partiyadan verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əlaqələr, Azərbaycandakı ictimai siyasi vəziyyət, ADP-nin ölkədə və regionda baş verən hadisələrə münasibəti və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
ADP sədri bu gün həmçinin Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Hon Fo Devano Grex, Pedro Agramunt və qurumun katibliyinin başçısı Agniezka Naxilo ilə görüşüb. Görüşdə ölkəmizdəki ictimai-siyasi vəziyyət, insan hüquq və azadlıqlarının vəziyyəti, Avropa Şurasının Monitorinq Komitəsinin fəaliyyəti və digər məsələlər müzakirə edilib. S.Cəlaloğlu AŞPA-nın son parlament seçkisindəki müşahidə missiyasının fəaliyyəti ilə əlaqədar iradlarını qonaqların diqqətinə çatdırıb və bu qurumun seçkilərlə bağlı yekun hesabatının Avropa Şurasının elan etdiyi dəyərlərə uyğun hazırlanmadığını qeyd edib.