AzMİU-da Nəsimi ili qeyd olunub - TƏDBİR- FOTOLAR

16 May 2019 15:47 (UTC+04:00)

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) əcnəbi dillər kafedrasının təşkilatçılığı ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan olunması haqqında sərəncamlarına əsasən təşkil olunub.

Tədbirin aparıcıları əvvəlcə İmadəddin Nəsiminin həyat və fəaliyyətindən, şairin 3 dildə - Azərbaycan, fars və ərəb dillərində zəngin ədəbi irs yaratmasından bəhs ediblər. Nəsiminin Azərbaycan ədəbiyyatı ilə yanaşı, bütün türk ədəbiyyatına güclü təsir göstərdiyini, əsərlərinin əlyazmalar şəklində dünyanın bir sıra kitabxanalarında saxlanıldığını söyləyiblər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru Mahmud Allahmanlı Nəsiminin mənəvi-əxlaqi məzmun daşıyan, insanı kamilliyə səsləyən, pis əməllərdən çəkindirən qəzəllərindən söhbət açıb. Qeyd edib ki, şair bu qəzəllərində öz lirik qəhrəmanının dili ilə insanın kainatdakı bütün canlılardan üstün olduğu fikrini irəli sürüb.

Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun əməkdaşı Aybəniz Osmanova Nəsiminin insanların qəlbini, mənəvi dünyasını ilahi ustalıqla tərənnüm edən şair olduğunu söyləyib. İnstitutun elmi katibi Zaur Əliyev isə Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar Nəsiminin zəngin irsindən danışıb, ədibin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı rolu diqqətə çatdırıb.

Tədbir çərçivəsində şairin qəzəlləri əsasında kompozisiyalar, “Nəsimi” filmindən epizodik səhnəciklər nümayiş olunub, “Nəsimi kantatası” səsləndirilib. Tələbələrin təqdimatında nümayiş olunan bədii hissə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirin yekununda AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxış edib. Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinin əhəmiyyətini vurğulayan rektor tədbirin təşkilatçılarına və qonaqlara yaddaqalan çıxışlara görə minnətdarlığını bildirib.