Borjomi dərəsində yanğın söndürülüb

16 May 2019 13:49 (UTC+04:00)

Gürcüstanın kurort bölgəsi olan Borjomidə mayın 15-də başlayan yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. SİA xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, yanğının söndürülməsində Tbilisi, Borjomi, Axaltsixe, Aspindza və Adiqeni regionlarından 150-yə yaxın xilasedici-yağınsöndürən və 30 meşəbəyi iştirak edib. Yanğının söndürülməsində sərhəd polisinin bir helikopteri də cəlb olunub. Helikopter və yanğınsöndürənlər mayın 16-da çətin keçilən sıldırımlı, qayalıq yerlərdə alov mənbələrini söndürürlər.

Borjominin Sakire kəndi yaxınlığındakı dərədə baş verən yanğın nəticəsində 4 hektara yaxın ərazi məhv olub.