Paytaxtımız bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edir

15 May 2019 17:30 (UTC+04:00)

Bu gün paytaxt Bakıda bədii gimnastika üzrə Avropa çempionatına start verildi

Qafqazın qüdrətli ölkəsi, dünyada söz sahibi olan Azərbaycan hər il onlarla beynəlxalq konfranslara, sərgilərə, festivallara, eləcə də, irimiqyaslı tədbirlərə ev sahibliyi edir. Bakıda keçirilən "Avroviziya" mahnı yarışması, IV İslam Həmrəyliyi Oyunları, NATO Parlament Assambleyasının seminarı, ATƏT Parlament Assambleyasının 23-cü illik Sessiyası, Bakı Beynəlxalq Humanitar forumları, Gənclər Siyasəti üzrə I Qlobal Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu və s. Azərbaycanın güclü, qüdrətli, nüfuzlu - dünya güclərinin hesablaşdığı bir dövlət olduğunu göstərir. Bu tədbirlər siyasi və iqtisadi sabitliyə, maliyyə imkanlarına və yüksək səviyyəli təhlükəsizliyə malik olan ölkəmizdə keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, bütün sahələrdə olduğu kimi, idman sahəsində də həyata keçirilən tədbirlər ölkəmizin idman ölkəsi kimi tanınmasına səbəb olub. Bu nailiyyət idman və bədən tərbiyəsinə göstərilən diqqət və qayğıdır. Ötən 16 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı bir sıra sərəncam və fərmanları da respublikamızda idman sahəsində uğurlara yol açıb. Azərbaycanın iştirak etdiyi beynəlxalq idman yarışlarında, Olimpiya Oyunlarında qazandığı nailiyyətlər dövlətin idmana və gənclərə qayğısından irəli gəlir. Keçən zamanda, əldə olunan nailiyyətlərə nəzər salsaq, görərik ki, Azərbaycan idmançıları çoxlu sayda qızıl, gümüş və bürünc medallara sahib olublar. Son illər beynəlxalq yarışların keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsi dünya idman və Olimpiya aləminin Azərbaycana olan marağının daha da artdığının şahidi oluruq. Azərbaycan həm idman üzrə uğurları ilə, həm də dünya və Avropa səviyyəli çempionat və tədbirləri, o cümlədən, ölkəmizdə nüfuzlu beynəlxalq yarışları təşkil etməklə dünyanın idman mərkəzlərindən birinə çevrilib.
Azərbaycanda keçirilən Avropa və Dünya çempionatları silsilə xarakteri daşıyır. Müxtəlif beynəlxalq turnirlərin - bədii gimnastika, qılıncoynatma, taekvondo, güləş, boks, karate, avarçəkmə, FİFA U-17 Qadınlararası Dünya çempionatı, "Baku World Challenge" avtomobil yarışı və Olimpiya növlərinə daxil olan digər beynəlxalq idman tədbiri, o cümlədən, Dünya və Avropa çempionatlarının təşkili ölkəmizə böyük imic qazandırmışdır. Ölkəmiz tarixdə ilk dəfə təşkil olunan "Bakı-2015" Avropa Oyunlarını layiqincə təşkil etməklə, tək özünün deyil, qitənin idman tarixinə möhürünü vurdu. Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının Bakıya həvalə edilməsinə böyük etimad, təbii ki, Azərbaycana olan inamdan doğmuşdur. Dünyanın 50 ölkəsinin 6 min idmançısının iştirak etdiyi I Avropa Oyunlarında Azərbaycan təmsilçilərinin 21 qızıl medal qazanması və 21 dəfə Azərbaycan bayrağının yüksəldilməsi idmana olan qayğının məntiqi idi.
Paytaxtımız Bakı şəhərinin 2025-ci ildə "Ekspo" Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyinin irəli sürülməsi də elə ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən, sülhün, əmin-amanlığın və sabitliyin hökm sürdüyü bir məkan olmasından qaynaqlanır. Universal sərgi, dialoq və qarşılıqlı fəaliyyət üçün yeni bir güclü platforma kimi səciyyələndirilir. İdeyalar məkanı kimi tanınan müstəqil dövlətimiz, artıq özünü təsdiqləyib. Mədəniyyətlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi layihələr onun ölkənin avanqard qabiliyyətini bir daha nümayiş etdirir.
Bu gün paytaxtımızda daha bir yarış start götürəcək. Mayın 16-da Milli Gimnastika Arenasında 4-cü dəfə (2007-ci, 2009-cu, 2014-cü, 2019-cu il) paytaxtımızda təşkil olunan bədii gimnastika üzrə Avropa çempionatına start veriləcək. Azərbaycanda son illər keçirilən beynəlxalq tədbirlər ölkəmiz haqqında formalaşan təəssüratları dəyişir, respublikamızın imicinə müsbət təsir göstərir. Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik və əmin-amanlıq məkanıdır. Respublikamızda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor isə, hakimiyyətin həyata keçirdiyi siyasi kursun ümummilli maraq və mənafeyə tam cavab verməsidir. Bütün bunlar isə, Azərbaycanı yüksək sürətlə inkişaf edən ölkəyə çevirməklə yanaşı, mövcud ictimai-siyasi sabitliyin əsaslarının daha da möhkəmlənməsini şərtləndirən əhəmiyyətli faktor qismində çıxış edir.

Zümrüd BAYRAMOVA