Yeni layihələr turistləri ölkəmizə daha çox cəlb edir

15 May 2019 17:27 (UTC+04:00)

Dövlətin turizm sahəsinə göstərdiyi diqqət və qayğısının nəticəsidir ki, Azərbaycan dünyada artıq turizm məkanı kimi tanınır. "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə də turizmin daha da inkişaf etdirilməsi əksini tapıb. Məqsədyönlü səylər nəticəsində, Bakı şəhəri qısamüddətli uçuş məsafəsində yerləşən və 90 milyondan artıq əhalinin yaşadığı 26 şəhəri əhatə edən potensial turizm, tələbat qrupundan əhəmiyyətli dərəcədə, bazar payı əldə edə biləcək. Bütün bunlarla yanaşı, 2025-ci ilə qədər Avropanın iri şəhərlərini əhatə edən birbaşa uçuşların sayı 49-dan 100-ə çatdırılacaq. Bütün görülən işlərin və həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycana gələn turistlərin sayında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunub. Dövlətin siyasəti və ünvanlı layihələr də nəticəsini verir. Viza rejiminin sadələşdirilməsi ölkəyə turist axınının artmasına təsirini göstərir. "ASAN Viza" vasitəsi ilə hava limanlarında 376 mindən çox turistə viza verilib. Artıq bir ildir ki, Azərbaycanın beynəlxalq hava limanlarında "ASAN Viza" sistemi vasitəsilə Birləşmiş Ərəb Əmirlikləri, Koreya Respublikası, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşlarına yerində vizaların verilməsi təmin edilir.Ümumilikdə, "ASAN Viza" sistemi vasitəsilə 95 ölkədən olan əcnəbilərə elektron vizaların verilməsi həyata keçirilir. "ASAN Viza", fəaliyyətə başladığı qısa müddət ərzində, Azərbaycana səyahət üçün müraciət edən 1 milyon 222 mindən çox əcnəbiyə viza verilib. Bu il Azərbaycana elektron viza üçün müraciət edən turistlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 72 faiz artıb.

UEFA-NIN AVROPA LİQASININ FİNAL OYUNU İLƏ ƏLAQƏDAR ÖLKƏYƏ GƏLƏCƏK XARİCİ QONAQLARIN MƏLUMATLANDIRILMASI MƏQSƏDİLƏ VEB-SAYT HAZIRLANIB
Hazırda UEFA Avropa Liqasının finalı ilə bağlı işlər davam edir. "ASAN Viza" əməkdaşlarının finala sayılı günlər qalmış gücləndirilmiş iş rejimində fəaliyyət göstərmələri planlaşdırılır. Onu da vurğulayaq ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA-nın Avropa Liqasının final oyunu ilə əlaqədar ölkəyə gələcək xarici qonaqların qabaqcadan məlumatlandırılması məqsədilə veb-sayt da hazırlanıb. İnformativ xarakter daşıyan veb-saytda azarkeşləri maraqlandıra biləcək suallara xüsusi bölmələr üzrə cavablar yerləşdirilib. Bakıya uçuş həyata keçirən hava yolları şirkətlərinin birbaşa və çarter uçuşları barəsində məlumat yerləşdirilən saytda viza əldə etmək qaydaları və şərtləri, hotellər, oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu və burada təşkil olunacaq təhlükəsizlik tədbirləri barədə dolğun məlumat verilir.
Turistlərin ölkəyə gəlişi, yerləşdirilməsi və Azərbaycanda qalma müddəti ərzində təhlükəsizlik də daxil olmaqla digər bütün məqamlar dövlət və özəl biznesin təmsilçiləri tərəfindən diqqətlə düşünülüb. Həmçinin, dünya üzrə ölkələrin reytinqində terror təhlükəsinin, ən az, olduğu ölkələr sırasında Azərbaycanın adı ilk sıralardadır.
AZƏRBAYCANIN MÜSBƏT TURİZM İMİCİNİN YARADILMASI İSTİQAMƏTİNDƏ APARILAN MƏQSƏDYÖNLÜ TƏDBİRLƏR ÖLKƏYƏ GƏLƏN TURİSTLƏRİN SAYININ ARTMASINA TÖHFƏSİNİ VERİR
Bu gün turizm sektorunda müsbət göstəricilər var. Ötən il bu sahədə 6 faiz artım əldə olunub və ölkəmizə 2 milyon 850 min xarici qonaq gəlib. 2018-ci ildə Avropa İttifaqına üzv ölkələrdən gələn turistlərin sayı 6,7 faiz artaraq, 112,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,8 faiz artaraq, bir milyon nəfərdən çox olub. Aparılan hesablamalara görə, bu xarici qonaqlar ölkəmizdə 2 milyard dollar pul xərcləyiblər.
Təbii ki, ölkəmizdə təhlükəsizliyin, əmin-amanlığın hökm sürməsi, beynəlxalq tədbirlərin təşkili, qlobal forumlar, humanitar forumlar, mədəniyyətlərarası dialoq forumları, iqtisadi forumlar, idman yarışları və s. turistlərin ölkəmizə axınına səbəb olub.
Onu da, vurğulayaq ki, dövlət büdcəsinin 2025-2030-cu illərə kimi turizm sektorunun inkişafı hesabına genişləndirilməsi nəzərdə tutulur. Azərbaycanın müsbət turizm imicinin yaradılması və turizm məkanı kimi tanıdılması istiqamətində aparılan məqsədyönlü tədbirlər ölkəyə gələn turistlərin sayının artımına öz töhfəsini verir.
Bu gün Azərbaycan dünyada sabitlik adası olaraq tanınır. Təbii ki, ölkənin inkişafında bu sabitlik mühüm rol oynayır. "Yaxın tarix, əyani şəkildə göstərdi ki, sabitlik pozulanda, ölkələr çox pis vəziyyətə-idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat çökür, sənaye iflic olur, insanlar əziyyət çəkir və sonra bu vəziyyətdən çıxmaq üçün onilliklər lazım olur" deyən dövlət başçısı bildirib ki, Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir: "Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb. Bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz bu siyasət nəticəsində, bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır və öz maraqlarını tam şəkildə qoruyur".
Bəli, sabitlik adası kimi tanınan Azərbaycanda dövlətin turizmə diqqət və qayğısı bu sahənin gələcək inkişafına zəmin yaradır.

Nəzakət ƏLƏDDİNQIZI