“Antimilli qüvvələrin başında erməni lobbisi dayanır” RƏY-ÖZƏL

15 May 2019 16:52 (UTC+04:00)

“Mayın 13-də Brüsseldə 3-4 nəfərlik qrupun aksiya keçirmək cəhdi bu insanların Azərbaycan dövlətinə və xalqına hansı münasibəti göstərdiklərini nümayiş etdirdi”. Bunu SİA-ya açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.

Onun sözlərinə görə, dəfələrlə qeyd edilib ki, Azərbaycan dövləti hər zaman dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi etmək ərəfəsində olduqda bu şəxslər sanki yuxudan ayılırlar: “Azərbaycan adının dünyanın aparıcı kütləvi informasiya vasitələrində müsbət mənada sıx hallanması bəzi qüvvələri ciddi şəkildə narahat edir. Antimilli qüvvələrin başında isə erməni lobbisi dayanır. Çünki bizim Dağlıq Qarabağ münaqişəsi kimi ciddi problemimiz var. Dövlətimizin inkişafı, güclənməsi, beynəlxalq nüfuzunun getdikcə artması torpaqlarımızı 25 ildən artıqdır işğal altında saxlayan Ermənistanı və onun əsas hamisi olan erməni lobbisini razı sala bilməz. Bu səbəbdən həmin qüvvələr əllərinə fürsət düşdükcə Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Təəssüflər olsun ki, bu çirkin kampaniyada bəzi "soydaşlarımız" da canfəşanlıq göstərirlər. Erməni lobbisindən aldıqları pulların haqqını vermək üçün dövlətlərinə qarşı heç bir çərçivəyə sığmayan yollara belə əl atırlar. Onlar Azərbaycan dövlətinin və xaricdəki diasporumuzun erməni işğalına son qoymaq istiqamətində səylərinin zəiflədilməsinə səy göstərir, buna görə də erməni lobbisinin tapşırıqlarına əsasən dövlətimizi gözdən salmağa çalışırlar. Bu aksiya cəhdi ilə bağlı yayılan videogörüntülərdə də əyani şəkildə onların heç kim tərəfindən dəstəklənmədiyi açıq şəkildə görünür. Azərbaycan ictimaiyyəti öz dövlətinə, rəhbərinə inanır və dəstəkləyir”.