Bu gün Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) nazir Fizuli Ələkbərovun rəhbərliyi ilə toplantı keçirilib. ƏƏSMN-in ictimaiyyətlə əlaqələr sektorundan SİA-ya verilən xəbərə görə, nazirliyin Aparat işçilərinin, idarə rəislərinin iştirak etdiyi toplantıda cari il yanvar ayının 28-də keçirilmiş Kollegiya iclasında müzakirə olunmuş məsələlərdən bəhs olunub.
Nazir F.Ələkbərov bildirib ki, hökumətin ötən ilin nəticələrinə həsr olunmuş yığıncağında Azərbaycan prezidenti İlham Əliyevin qarşıya qoyduğu məsələlərə daha diqqətlə və məsuliyyət hissi ilə yanaşılmalı, ortaya çıxan problemlər operativ şəkildə həll olunmalı, əhaliyə göstərilən xidmətin səviyyəsi artırılmalıdır.
Ayrı-ayrı sahələrdə hələ də müəyyən problemlərin mövcud olduğunu deyən nazir deyib ki, ötən il vəzifələrinin icrası zamanı yol verdikləri nöqsanlara görə 6 nəfər işdən çıxarılıb, 116 nəfərə töhmət verilib, 34 nəfərin diqqətinə çatdırılıb, 1 nəfərlə bağlı fəaliyyətində qanun pozuntusu aşkar edildiyindən hüquq-mühafizə orqanlarına müraciət olunub. Daha 2 nəfər isə 2011-ci ildə vəzifəsindən azad edilib. Lakin bütün bu radikal addımlara baxmayaraq, əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində arzuolunan nəticəyə nail olunmayıb.
F.Ələkbərov işlərin keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə xüsusi komissiyanın yaradılmasını, o cümlədən 1 həftə ərzində əhalinin müraciətlərini yerində araşdırmaq üçün işçi qrupunun tədbirlər planının tərtib olunmasını tapşırıb.