“Gülüm ağa”nın uşaqları

13 May 2019 15:52 (UTC+04:00)

Çox düşünürük, çox daşınırıq ki, əcəba, bizim məmləkətdə nədən başqa sivil ölkələrdə olduğu kimi milli və dövlətçilik mənafelərinə xidmət edən siyasi müxalifət formalaşa bilmir? Söz yox, yazının əvvəlində bu sualı oxuyan, özünü müxalifət hesab edən bəzi siyasət dəllalları dərhal deyəcəklər ki, hakimiyyət imkan vermir, hakimiyyət diktatorluq edir, hakimiyyət siyasi rəqibindən qorxur(?) və sairə, və ilaxır. Biz reallıqlara əsaslanırıq və reallıq isə, onu deməyə bizi məcbur edir ki, indiki iqtidar hamıdan çox ciddi siyasi müxalifətin olmasını istəyir. İstəyir və buna şərait də yaradır. Nə yazıqlar ki, müxalifət meydanını inhisara alan qüvvələr inhisarçılıqlarını elə həddə çatdırıblar ki, yeni qüvvələr meydana atılmaqdan, sadəcə, ehiyatlanır. Çünki bu yeni qüvvələr, ya gərək arxiv iyi verən əzəli müxalifət oyunbazlarının çaldıqları havaya oynasın, ya da onları şər-böhtanla sıxışdırıb elə əzirlər ki, bir də ayağa qalxmağa özlərində taqət tapa bilmirlər. Yəni hakimiyyəti diktaturaçılıqda günahlandıran bu zavalsızlar özləri müxalifət düşərgəsində elə diktatura yaradıblar ki, ora daxil olmaq da, orda sərbəst, azad siyasi mövqe ortaya qoymaq da mümkün deyil və belə davam eləsə, hələ uzun müddət də mümkün olmayacaq.
Əslində, bu müxalifət diktaturasının tarixi Əli Kərimli deyilən baş siyasi biznesmenin Elçibəyi zərərsizləşdirdikdən dərhal sonra sərgilədiyi siyasi oyunlardan başlayıb. Baxın, indi on-on iki partiyaya bölünmüş AXC bir zamanlar həm sağlam siyasi mövqeyi ilə, həm də təşkilatdaxili sağlam mühitlə cəmiyyətin ciddi siyasi qurumu kimi böyük nüfuza malik idi. Amma elə ki, Əli gəldi bu qurumun başına, yarpaq tökümü vüsət aldı. Siyasi fəaliyyətini dayandıran kim, başqa siyasi quruma keçən kim, yeni siyasi təşkilat yaradıb müstəqil fəaliyyətə start verən kim! Bütün bunların da bir səbəbkarı var ki, o da özünü “milli birlik” carçısı kimi ortaya atan həmin kəsin “fəaliyyəti”nin nəticəsidir. Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin önündə gedən, bütün xalqı bu amal ətrafında birləşdirən bir təşkilatın indiki halı nə qədər acınacaqlıdır! Səbəb? Qeyri-sağlam müxaliflik, siyasi fəliyyətinin anti-dövlət, anti-milli düşüncə, bir az da dəqiq desək, siyasi biznesini ölkəsinin mənafelərinin qurban verilməsi üzərində quran siyasət dəllallarının hələ də yerlərində oturdulmaması! Vəssalam! Çox sadə, çox bəsit olan bu anlayışı, nə yazıqlar ki, Əli kimilərin nə mal olduqlarını bilmələrinə rəğmən, hələ də yanlarında quyruq bulayanların tapılması ölkəsini, dövlətini sevən hər kəsi ciddi narahat etməlidir.Yəni Əlinin vurulmuş korrupsiyaçı məmurlardan, xaricdəki anti-Azərbaycan qüvvələrdən, o cümlədən, erməni lobbisindən aldıqları milyonlara, az payla da olsa şərik çıxıb, onun havasına oynayanlar, əslində, ölkəmizdə demokratiyanın daha sürətlə, sağlam düşüncə əsasında inkişafına əngəl törədirlər ki, bu da, son nəticədə, cəmiyyətimizin ümumi inkişafına xələl gətirən başlıca amillərdən biri, hətta birincisidir. Əlini ağa hesab edib, onun çaldığı lambadalara, çastuşkalara, hətta “dasnı çorş"lara süzən bu zavallılar onun iç üzünü nə vaxt görə biləcəklər? Milli şərəfini, ləyaqətini ayaqlar altına atıb, yadların qoltuğuna sığındığı açıq-aşkar ortada olduğu halda, hələ də bu adamların havalarını dəyişmək, milli havaya yönlənmək istəyində olmamaları, həm təəssüf, həm də təəccüb doğurur. Sayları çox olmasa da, onlar da bu ölkənin sakinləridir və vətəndaş olmağa can atmaq onların borcudur. Bu borcu yerinə yetirməməkdə davam edirlərsə, deməli, heç vaxt vətəndaş ola bilməyəcəklər. Çünki ağaları belə istəyir. Belədə bizim məşhur bir atalar sözünü xatırlatmaqdan başqa yolumuz qalmır: “Ağası gülüm olanın, başına külüm olar!” Bu “Gülüm ağa”nın uşaqlarının başlarına tökülən “küldən" gözləri ayışanda, gözlərini ovxalayıb dünyaya açıq gözlə baxmağa can atanda, açıq gözlə baxıb həqiqəti dərk edəndə, inanacığıq ki, arzusunda olduğumuz gerçək milli müxalifətimiz yarana bilər. Burda bir "inşaallah" deyək ki, Allah da köməyini bu millətdən əsirgəməsin. Amin deyən dillər var olsun!

Təhmasib Novruzov