"Britaniya XİN-in bəyanatının heç bir məntiqi əsası yoxdur" AÇIQLAMA-ÖZƏL

13 May 2019 14:06 (UTC+04:00)

“Böyük Britaniya Xarici İşlər Nazirliyinin mayın 29-da Bakıda keçiriləcək UEFA finalı ilə bağlı “tövsiyə” xarakterli bəyanatı heç bir halda başadüşülən və qəbul olunan deyil. Çünki deyilən iddiaların heç bir məntiqi əsası yoxdur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

İddialara cavab olaraq Azərbaycan XİN-i tərəfindən səslənən bəyanatların çox tutarlı və yerində olan bir bəyanat olduğunu deyən deputat hesab edir ki, Rəsmi Bakı tərəfindən açıqlanan bəyanat ünvanına çatacaq və onları yanlış yoldan, zərərli düşüncələrdən uzaqlaşdıracaq.

E.Səlimov bildirib ki, Azərbaycan bu gün dünyanın bütün məsələlərdə tolerantlıq mərkəzi, dialoq məkanıdır: “Azərbaycan nəinki Cənubi Qafqazın, bütövlükdə bu bölgənin, regionun sabitlik və təhlükəsizlik adasıdır. Azərbaycan bu günə kimi dünyanın ən nüfuzlu siyasi, iqtisadi, hərbi, humanitar toplantılarına və idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib və zaman-zaman keçiriləcək tədbirlər ərəfəsindəbu cür haqsız iddialar ortaya atılıb. Hesab edirəm ki, mayın 29-da da Bakıda “Arsenal”-“Çelsi” qarşılaşması yüksək səviyyədə baş tutacaq və həm ölkəmiz, həm Avropa, həm də bütün dünya azarkeşləri gözəl bir final qarşılaşmasını seyr edərək, mənəvi zövq, ləzzət alacaq”.