Siyavuş Novruzov: “Belə çıxır ki, ATƏT müşahidəçiləri ölkəmizə gəlməmişdən qabaq həmin qurumun bəyanatı əvvəlcədən hazır olur”
1 Fevral 2011 22:45 (UTC+04:00)
"ATƏT-in Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı son hesabatı tam qərəzli, obyektivlikdən kənar və öz ənənələrinə sadiq qalaraq Azərbaycanda keçirilən demokratik seçkilərə kölgə salan qərardır". SİA-nın məlumatına görə, bu sözləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
O, deyib ki, ATƏT-in öz daxilindən olan nümayəndələr gəlib Azərbaycanda seçkiləri müşahidə edib obyektiv qiymət verirlər, lakin nədənsə geri qayıdandan sonra təmsil etdikləri qurum bunun əskini deyir. "Belə çıxır ki, onlar ölkəmizə gəlməmişdən qabaq həmin qurumun bəyanatı əvvəlcədən hazır olur. Təssüf edirəm ki, ölkənin 70% ərazisinə nəzarət etməyən, 90%-dən artıq təhsilsiz əhalisi olan Əfqanıstanda keçirilən seçkilər ədalətli olur, Azərbaycanda isə demokratik olmur. Azərbaycanda qadınlara səsvermə hüququ veriləndə ABŞ-da qadınların səsvermə hüququ yox idi. Həmçinin İraqda keçirilən seçkiləri belə demokratik adlandıran ATƏT Azərbaycandakı seçkilərin nəticəsini başqa istiqamətə yönəldir. Bütün bunlar bəlli olan məsələlərdir. Milli Məclis bununla bağlı bəyanat verməlidir", -deyə S.Novruzov bildirib.