Dialoq Forumu davam edir

3 May 2019 09:49 (UTC+04:00)

Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu davam edir. SİA-nın xəbərinə görə, Forumun ikinci günündə müxtəlif mövzular üzrə müzakirələr davam etdiriləcək. Gün ərzində Forumda Gənclər və mədəniyyətlərarası liderlik Gənclər sülh naminə: şiddət ekstremizmə qarşı əks qüvvənin formalaşdırılması, Miqrasiya yerdəyişmə və insan təhlükəsizliyi mövzularında plenar sessiyalar, Gənclərdən öyrənə bilərik: sülhü təşviq etmək və müxtəlifliyi əhatə etmək məqsədilə inklüziv yanaşmaların müzakirəsi, Sülh naminə çoxtərəflilik və diplomatiya və digər mövzularda aralıq sessiyalar keçiriləcək.

Gün ərzində forum çərçivəsində paralel olaraq əlavə tədbirlər də keçiriləcək. Əlavə tədbirlər zamanı Müasir dünyada etnik-mədəni Müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti, Türkdilli ölkələr arasında dialoqun qurulmasında Böyük İpək Yolunun rolu iştirakçılar tərəfindən müzakirə olunacaq.

Qeyd edək ki, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak edirlər.