Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı və Azərbaycan Ali Hərbi Məktəbinə xalqımızın Ümummilli Liderinin adının verilməsinin 15-ci ildönümü münasibətilə bu hərbi təhsil ocağında “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, görüşün əhəmiyyəti barədə iştirakçılara məlumat verən polkovnik Emin Səfərov bu mövzuda silsilə tədbirlərin davamlı qaydada təşkil ediləcəyini şəxsi heyətin diqqətinə çatdırıb.
Sonra Milli Məclisin deputatları Aydın Mirzəzadə “Ümummilli lider, əbədiyaşar komandan Heydər Əliyev Azərbaycan Ordusunun qurucusudur”, Elman Məmmədov isə “Ulu öndər Heydər Əliyev XXI əsrin görkəmli siyasi və dövlət xadimidir” mövzularında məruzələrlə çıxış ediblər. Deputatlar Ümummilli Liderin şərəfli həyat yolundan və fəaliyyətindən, dahi şəxsiyyətin Azərbaycanın çiçəklənməsi, Ordumuzun hərbi qüdrətinin artırılması sahəsində misilsiz xidmətlərindən danışıblar.
Sonda Azərbaycan Ali Hərbi Məktəbinin rəisi, general-mayor Füzuli Salahov çıxış edərək Heydər Əliyevin adını daşıyan məktəbin əbədiyaşar liderin ideyalarının həyata keçdiyi ali hərbi təhsil ocağı olduğunu bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda “Heydər Əliyev və Ordu quruculuğu” adlı qısametrajlı film təqdim olunub.