Makron: "Mən indiki prezidentlik müddətimi müvəffəqiyyətlə başa vurmaq istəyirəm"

26 Aprel 2019 00:25 (UTC+04:00)

Fransa prezidenti Emmanuel Makron 2022-ci ildə keçiriləcək prezident seçkilərində iştirakı ilə bağlı suala cavabında bildirib ki, onu gələcək seçkilər maraqlandırmır və indiki prezidentlik müddətini layiqincə başa çatdırmaq istəyir.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, milli debatların nəticələri ilə bağlı keçirilən mətbuat konfransında Fransa prezidenti gələcək seçkilərə də toxunub: “Məni növbəti seçkilər həyəcanlandırmır. Mən indiki prezidentlik müddətimi müvəffəqiyyətlə başa vurmaq istəyirəm. Müvəffəqiyyətlə başa vurmaq üçün isə mən digər sahələrdə də qərarların qəbul edilməsində, çətin olsa da məsuliyyəti öz üzərimə götürməliyəm”.

Qeyd edək ki, Fransada milli debatlar 15 yanvar-15 mart tarixlərində keçirilib. “Sarı jiletlilər” hərəkatının başlatdığı etiraz aksiyalarına cavab olaraq bu debatların keçirilməsi ideyası məhz prezident Makrondan gəlmişdi.

Makron aprelin 15-də milli debatların yekunu ilə bağlı xalqa müraciət etməli idi. Lakin Notr-Dam qəsrində baş vermiş yanğın prezidentin xalqa müraciətinin təxirə salınmasına səbəb olub.