Bu gün dünyada Məlumatın Qorunması Günüdür

28 Yanvar 2011 18:57 (UTC+04:00)
Hər il 28 yanvar tarixi dünyada Məlumatın Qorunması Günü kimi qeyd olunur. SİA-nın məlumatına görə, artıq 5-ci ildir ki, qeyd olunan bu günün başlıca məqsədi geniş əhali təbəqəsinə şəxsi həyat və fərdi məlumatın qorunmasının vacibliyi haqqında bir daha xatırlatmaqdır.

28 yanvar tarixi isə təsadüfi deyil. Belə ki, məhz 28 yanvar 1981-ci il tarixində Strasburqda Avropa İttifaqı tərəfindən daha çox "108 nömrəli Konvensiya" kimi tanınan "Fərdi məlumatların avtomatlaşdırılan qaydada işləməsi ilə əlaqədar şəxslərin qorunması haqqında" Konvensiya qəbul edilib. Sözügedən sənəd bu sahədə yeganə beynəlxalq hüquqi aktdır ki, məcburi qaydada icra olunmalıdır. "108 nömrəli Konvensiya"ya istənilən ölkə qoşula bilər.

Qeyd edək ki, 2010-cu ilin noyabr ayının 24-dən 26-dək İstanbulda Ədliyyə Nazirlərinin 30-cu konfransında qəbul olunmuş 3 saylı qərara əsasən Azərbaycan Respublikası da bu Konvensiyaya qoşulub.