"Təmir-bərpa işləri İçərişəhərin memarlıq üslubuna uyğunlaşdırılır" - AÇIQLAMA

22 Aprel 2019 14:31 (UTC+04:00)

Son zamanlar bir sıra şəxslər və kütləvi informasiya vasitələri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) tərəfindən artıq bir neçə dəfə rəsmi bəyanatın verilməsinə baxmayaraq, təkrarən sosial şəbəkələrdə qurumun ərazisində - Kiçik Qala küçəsində Qala divarlarına guya zərər yetirən tikinti işlərinin aparılması haqqında yanlış məlumatlar yayırlar. Bununla bağlı Qoruq İdarəsinin açıqlaması ictimaiyyətin diqqətinə çatdırılıb. SİA-nın məlumatına görə, açıqlamada bildirilir ki, dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunub saxlanılması, bu məqsədlə onlarda vaxtaşırı bərpa və konservasiya işlərinin aparılması idarənin əsas prioritetləri olaraq hər zaman qalacaq.

Son illər ərzində Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi, Qala divarları və s. kimi dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanmış çoxsaylı bərpa və konservasiya işləri bunun bariz nümunəsidir.

İdarənin hər il yenilənən bərpa və konservasiya proqramına əsasən qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirilir.

Ötən ilin sonundan etibarən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Kiçik Qala küçəsində, Qala divarları boyunca uzun illər həmin ərazidə yerləşən və abidələrə heç bir zərər yetirməyən kafe-terrasların genişləndirilməsi layihəsi həyata keçirilir. Layihə işləri qətiyyən tikinti mahiyyəti kəsb etməyərək, sadəcə şüşə və yüngül metal materialdan ibarət birmərtəbəli şüşəli qapalı və üzərində açıq yaz-yay kafe-terraslarının yaradılmasını nəzərdə tutur.

Bu üslubda təmir-bərpa işləri Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı, nə İçərişəhərin, nə də Qala divarının dayanıqlığına və görünüşünə xələl gətirmir. İstənilən miqyasda konstruksiya işləri həm daxili, həm zahiri baxımdan İçərişəhərin ənənəvi memarlıq üslubuna uyğunlaşdırılır və yalnız idarə tərəfindən təsdiqləndikdən sonra həyata keçirilir.Həmin layihəyə aid məlumatlar 2018-ci ilin noyabrından etibarən idarənin rəsmi veb-səhifəsində mövcuddur.

Qeyd olunur ki, layihəyə dair yanlış məlumatları daimi olaraq yayan şəxslərə bu ilin yanvar ayında idarənin rəsmiləri tərəfindən geniş şərh və açıqlamalar verilib. Bildirilib ki, hər bir vətəndaşın hər zaman idarəyə rəsmi sorğu ilə müraciət etmək və məlumat almaq hüququ mövcuddur. Lakin həmin şəxslər nədənsə bu hüquqdan istifadə etməyərək sosial şəbəkələrdə məhz özlərinin düşündüyü və həqiqətəuyğun olmayan məlumatları geniş izləyici kütləsi arasında paylaşmağa üstünlük verir.