Şimali Makedoniyadakı seçkilərin ilkin nəticələri açıqlanıb

22 Aprel 2019 00:04 (UTC+04:00)

Şimali Makedoniyada keçirilən prezident seçkilərində səsvermənin ilkin nəticələri açıqlanıb. Şimali Makedoniyanın Dövlət Seçki Komissiyasının (DSK) rəsmi saytında yer alan məlumatda deyilir ki, səslərin sayılması davam edir. Yerli vaxtla saat 21:00-a (Bakı vaxtı ilə saat 23.00) olan məlumata görə, Stevo Pendarovski 42.25 faiz səslə irəlidədir. Xanım Gordana Silyanovska ondan təxminən 3 faiz geridə qalır.

Qeyd edək ki, Şimali Makedoniyada keçirilən prezident seçkilərində üç əsas namizəd- Stevo Pendarovski, Gordana Silyanovska və Blerim Reka mübarizə aparıb.

Mövcud hakimiyyət, o cümlədən ölkənin türk icmaları Stevo Pendarovskini müdafiə edirlər. Namizədlərdən hər hansı biri səsvermədə iştirak edən seçicilərin səsinin 50 faizdən çoxunu qazanmasa, o zaman DSK mayın 5-də səsvermənin ikinci turunu keçirəcək.