Sevinc Seyidova: “Azərbaycan jurnalistləri üçün istər Dağlıq Qarabağa, istərsə də Ermənistana səfərə getmələri heç də problemli məsələ deyil ” RƏY-ÖZƏL

17 Aprel 2019 17:30 (UTC+04:00)

“Münaqişənin həlli ilə bağlı aparılan son rəsmi danışıqlarda qarşılıqlı etimad mühitinin yaradılması məsələsi ön plana çıxdı”. Bunu SİA-ya açıqlamasında Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib. Onun sözlərinə görə xarici işlər nazirləri səviyyəsindəki müzakirələrdə bu istiqamətdə atılacaq addımlardan biri kimi isə hər iki ölkənin media təmsilçilərinin Bakı, İrəvan və Xankəndinə səfərlərinin təşkilinin mümkünlüyü vurğulandı: “Əgər proseslərin xronologiyasına fikir versək görərik ki, Azərbaycan və Ermənistanın ictimaiyyət nümayəndələrinin qarşılıqlı səfərləri təcrübəsi əvvəllər də olub. Lakin bu təşəbbüsün davamı sonradan qarşı tərəfin sərgilədiyi mövqe səbəbindən reallaşmadı. İndi də, media təmsilçilərinin səfərlərinin təşkili məsələsi gündəmə gətirilib. Bu səfərlərin reallaşması bir neçə məqamdan asılıdır. İlk növbədə təhlükəsizliyin təmini təşkil olunmalıdır. Daha sonra isə tərəflər qarşılıqlı etimad mühitinin formalaşdırılmasında medianın rolundan yararlanmaq istəyirsə, səmimi mövqe sərgiləməlidirlər. Azərbaycan jurnalistləri üçün istər Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərə, istərsə də Ermənistana səfərə getmək heç də problemli məsələ deyil. Lakin diqqət yetirilməsi başlıca məqam Ermənistan hakimiyyəti və Nikol Paşinyanın qarşılıqlı etimadın gücləndirilməsi məsələsində nə dərəcədə səmimi olmasıdır. Paşinyan Azərbaycana gələn erməni jurnalistlərə həqiqəti yazmaq imkanı verəcəkmi? Bu media təmsilçiləri qarşı tərəfdə hansı kriteriyalara uyğun seçiləcək? Ermənistanda baş çəkmək istəyimiz yerlərə getməyə şərait yaradılacaqmı? Təcrübə göstərir ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, ölkə mətbuatında Azərbaycanın iqtisadi, hərbi gücü, beynəlxalq səviyyədə artan nüfuzu, inkişafı barədə xəbərlər hər zaman ağrılı qarşılanıb. Bir təhdid kimi nəzərdən keçirilib. Bu səbəbdən xarici işlər nazirlərinin görüşündən sonra səsləndirilən bəyanatdakı məlum fikirlərin nə dərəcədə reallığa çevriləcəyini, hansı effekti verəcəyini zaman göstərəcək”.

GÜLYANƏ