Xarici siyasətimiz, faş Ermənistan

16 Aprel 2019 19:23 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasəti birbaşa hücum diplomatiyasının üzərində köklənib. Neçə il bundan əvvəl dövlət başçısının elan etdiyi strategiya düşmənin tanıdılması istiqamətində mühüm addım oldu. Xarici siyasət kursumuzda edilən dəyişiklik öz nəticəsini verməkdədir. Budur, düşmən get-gedə özünü ifşa edir. Artıq rəsmi Ermənistan Avropa Şurası tribunasından təzadlı fikirləri ilə nəzəri cəlb edir, eyni zamanda hədə dili ilə danışır. Get-gedə iç üzünü açan düşməni tanımaq indi də gec deyil.

Azərbaycan diplomatiyasının artan təzyiqləri Ermənistanın yeni hakmiyyətini beynəlxalq müstəvidə ciddi səhvlərə yol vermək məcburiyyətində qoyur. "Yeni torpaqlar üçün yeni müharibə" adlı əcaib formul düşünən Paşinyan iqtidarının işağlçılıq siyasəti həftə ərzində bir neçə nüfuzlu tribunadan ifşa edildi. Ermənistan baş nazirinin Strasburqda etdiyi çıxış isə analoqu olmayan hadisə sayılmalıdır. Onun absurd iddiaları sırasında "təklifimiz Azərbaycanın Qarabağ məsələsində gücdən istifadə, gücdən istifadə ilə hədələmə və hərbi ritorikadan imtina etməsidir" ifadəsi xüsusi yer tutur. Beynəlxalq ictimaiyyəti növbəti dəfə aldatmağa çalışan Paşinyanın bəyanatına rəsmi Bakı dərhal münasibət bildirdi. Xarici İşlər Nazirliyinin bununla bağlı şərhində deyilir: "ATƏT-in 1975-ci il Helsinki Yekun Aktının məlum 10 prinsipi arasında ikinci yerdə sadalanan "gücdən istifadəetməmək və gücdən istifadə iləhədələməmək" prinsipi ilə bağlı qeyd olunur ki, dövlətlər qarşılıqlı münasibətlərində, eləcə də ümumiyyətləbeynəlxalq münasibətlərində hər hansı ölkənin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı və ya BMT və hazırkı bəyanatın məqsədlərinə uyğun olmayaraq güc tətbiqindən və gücdən istifadə iləhədələmədən çəkinəcəklər". Bu halda əgər qarşı tərəfgücdən istifadə edilməməsini istəyirsə, o zaman bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın təmini naminə silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmaq istiqamətində təxirəsalınmaz addımlar atmalıdır.

Ermənistanın baş naziri Nikol Paşinyanın Strasburq səfəri bir çox aspektdən diqqət çəkirdi. Onun və müdafiə naziri David Tonoyanın müharibə hədələrindən sonra Avropanın demokratiya strukturu sayılan Avropa Şurasının Parlament Assambleyasında bu şəxsə hansı sualların ünvanlanacağını çoxları proqnozlaşdırmağa çalışırdı. Lakin sensasiya baş vermədi və Paşinyan daha əvvəllər Serj Sarkisyanın etdiklərini təkrarladı. Azərbaycanı hər şeydə ittiham edən erməni baş nazir eyni zamanda sülh tərəfdarı olduğundan, xalqları sülhə hazırlaşdırmağın vacibliyindən danışdı. Düşmən dövlətin siyasi leksikona yeni anlayışlar gətirməyə səy göstərdiyini də görmək olur: Azərbaycanı sülhə məcbur etmək. Şübhəsiz, həm Paşinyanın, həm Tonoyanın sülh ifadələrinin arxasında millitarist çağırışlar var. Paşinyan onların irəli sürdüyü nizamlama formulu keçməyəcəyi təqdirdə yeni torpaqlar uğrunda yeni müharibə başlayacaqlarına işarə vursa da, mütəxəssislər əsas məqsədin diqqəti daxili böhrandan yayındırmaq olduğunu bildirirlər.

Bəli, bütün dünya, bütün Avropa, bütün region Ermənistanın bu gün nə qədər təhlükəli stereotiplərin daşıyıcısı olduğunu görür və dərk edir. Əgər bir ölkənin baş naziri qonşu dövləti yeni torpaqlar zəbt edəcəyi ilə hədələyirsə, sonra da AŞPA-da kürsüyə qalxaraq demokrat olduğunu, bölgədə sülh istədiyini deyirsə və Qərb parlamentariləri bu paradoksal davranışa heç bir reaksiya vermirsə, bu, bir daha beynəlxalq hüququn yoxluğu və ikili standartların var gücü ilə işlədiyinin göstəricisi sayılmalıdır. Bu azmış kimi, Paşinyan da sələflərindən geri qalmayaraq Türkiyə ilə əməkdaşlıqdan dəm vurur və münasibətlərin bərpası üçün ilkin şərt irəli sürülməməsini tələb edir.

Görünən odur ki, işğalçı ölkə bu günə qədər törətdiyi cinayətlərə görə heç bir məsuliyyəti üzərinə götürmək istəmir. Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərimizdə qanunsuz fəaliyyətlə məşğul olan, dünyanın fərqli şirkətləri ilə iqtisadi əməkdaşlıq quran və onları separatçı rejimin inkişafına sərmayə yatırmağa həvəsləndirən təcavüzkar Ermənistan burada hansı böhran vəziyyətini yaratdığının fərqində belə deyil. Bu məsələni Avropa Şurasında müzakirəyə çıxaran deputatlar isə nəhayətdə, dərk etməlidirlər ki, işğalçı dövlətin cinayətkar əməllərinə stimul verən məhz dünyada mövcud olan ikili standartlardır.

Təbii, rəsmi Bakı tarixi ədalətin bərqərar olması üçün Avropa Şurası, ATƏT, MDB və digər qurumların qətiyyət göstərəcəyinə ümid bağlamır. Azərbaycan bütün instansiyalarda Ermənistanın çağdaş dünyanın reallıqlarına uyğun gəlməyən məkrli siyasi kursunu sona qədər ifşa etmək və işğalçının sonunu gətirmək üçün hüquqi baza yaratmaq istiqamətində prinsipial addımlarını davam etdirir. Bu baxımdan həftə içi İsveçrədə "Münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlərin insan hüquqlarına təsirləri" mövzusunda təşkil edilən beynəlxalq konfrans xüsusi diqqət çəkdi.

Qəribə tendensiya yaranır: ayrı-ayrı təşkilatlar, aparıcı dövlətlər qəti vurğulayırlar ki, Ermənistan BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan qətnamələrə, Avropa İnsan Hüquqları Məhkəməsinin "Çiraqov və digərləri Ermənistana qarşı" işi ilə bağlı qərara hörmət etməli, işğal olunmuş ərazilərə qeyri-qanuni pul köçürmələri, insanların məskunlaşdırılmasına son qoymalıdır. Lakin təcavüzkarı buna məcbur etmək üçün hansısa siyasi və hüquqi təzyiq mexanizmlərindən istifadə olunmur. Belə olmayacaqsa, regionda sülh də yaranmayacaq. Sülh olmadığı təqdirdə isə nə inkişaf, nə tərəqqidən söhbət gedə bilər.

Beləliklə,Azərbaycan dünya birliyinə bir daha çatdırır ki, işğal altındakı ərazilərdə maddi sərvətlərin talan edilməsi ilə yanaşı, bu torpaqlar həm də narkotik qaçaqmalçılığı, terror qruplaşmalarının formalaşdırılması və təlimi kimi mütəşəkkil cinayətkarlıq hərəkətləri üçün istifadə edilir. Əldə olunan gəlirlər isə separatçı rejimin həyatda qalmasına və qanunsuz fəaliyyətini davam etdirməsinə xidmət göstərir. O üzdən AŞPA kimi bir qurumun tribunasından barış deyil, savaş mesajları verən Ermənistanın yeni hakimiyyətinə qarşı real mövqe sərgiləmək qaçılmaz zərurətə çevrilir.