Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulluğunun binasında təmir işlərinin başa çatması ilə əlaqədar, cari ilin 24 yanvar tarixində Baş Konsulluğun üzərində Dövlət Bayrağımızın ucaldılma mərasimi keçirilib. XİN mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, mərasimdə Acaristan Muxtar Respublikasının sədri Levan Varşalamidze, Maliyyə və İqtisadiyyat Naziri Vaja Bolkvadze, Batumi şəhərinin meri Robert Çxaidze, habelə "SOCAR" tərəfindən yeni inşa edilmiş yanacaq doldurma məntəqəsinin təməl atma mərasimi ilə əlaqədar Batumi şəhərində qısamüddətli səfərdə olan Milli Məclisin üzvü Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, rəhbərlik etdiyi nümayəndə heyəti və yerli mətbuat təmsilçiləri iştirak ediblər.
Baş Konsul Hüseyn Nəcəfov qonaqlara binada aparılan təmir işləri barədə məlumat verib, Konsulluğun tələblərinə uyğun bəzi yenidənqurma işlərinin həyata keçirildiyini diqqətə çatdırıb. Dövlət Bayrağımızın ucadılması mərasimi qonaqlar tərəfindən səmimi alqışlarla qarşılanıb, Gürcüstanın Batumi şəhərindəki Azərbaycan Baş Konsulluğunun binası üzərində Dövlət Bayrağımızın dalğalanmasının qürurverici fakt olduğu və xalqlarımız arasında mövcud olan dostluq münasibətlərində yeni bir uğurlu səhifənin açıldığı rəsmilər tərəfindən əminliklə vurğulanıb.