İtaliya mətbuatı 10 milyonuncu vətəndaşımızdan yazır

15 Aprel 2019 16:45 (UTC+04:00)

İtaliyanın “Notizie Geopolitiche” gündəlik xəbər portalında Roma Sapienza Universitetinin dosenti Daniel Pommierin “Azərbaycan. 10 milyonuncu vətəndaş dünyaya gəlir. Cənubi Qafqazda əhalinin artımı və siyasət” başlıqlı məqaləsi dərc olunub. Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyindən SİA-ya verilən məlumata görə, məqalədə 6 aprel 2019-cu il tarixində Azərbaycanda körpə qızın dünyaya gəlməsi ilə ölkə əhalisinin sayının 10 milyona çatdığı, sözügedən xəbərin medianın geniş diqqət mərkəzində olduğu, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın yeni doğulmuş körpə və onun ailəsi ilə görüşdüyü, dünyaya gələn körpənin valideynlərinin Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdən məcburi köçkün olduqları qeyd olunur.

Müəllif hər bir ölkədə əhalinin artımı məsələsinin xalqın mövcudluq hüququ və müstəqillik yolunu təsdiq etməsi ilə paralellik təşkil etdiyini vurğulayır, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsi vaxtı Azərbaycanın 7 milyon əhalisi olduğu halda, bu sayın 2010-cu ildə 9, cari ilin 6 aprelində 10 milyona çatdığını bildirir və demoqrafik artımın ölkənin ümumi inkişafının tərkib hissəsi olduğunu vurğulayır. Məqalədə Prezident İlham Əliyevin sözlərinə istinad edilərək Azərbaycanda son 15 il ərzində əhalinin 1,7 milyon nəfər artdığı, bunun ölkənin gücünü, qüdrətini artırdığı, eyni zamanda ölkədə sosial-iqtisadi inkişafın getdiyini göstərdiyi və əhalinin artımının birbaşa sosial vəziyyətlə bağlı olduğu vurğulanır. Müəllif, habelə vurğulayır ki, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşməsinə səbəb olan Ermənistanla 25 ildən artıq münaqişənin mövcudluğuna baxmayaraq, Azərbaycanda sosial-iqtisadi və demoqrafik inkişaf davam edir.

Məqalədə dünya əhalisinin vəziyyətinə dair BMT-nin 2019-cu il hesabatında demoqrafik məsələlərin Minilliyin Dayanıqlı Inkişaf Məqsədləri ilə əlaqələndirilməsinin təsadüfi olmadığı, BMT-nin hesabatında Azərbaycana dair bütün müvafiq statistik göstəricilərin müsbət olduğu, hazırda ölkəmizdə əhalinin demoqrafik meyarlarının iqtisadi və sosial inkişafla balans təşkil etdiyi və Azərbaycanda demoqrafik ekspertlərin "demoqrafik bonus" aldandırdığı insan inkişafının xoşbəxt bir dövrünün yaşandığı bildirilir.

Məqaləyə keçid aşağıdakı link vasitəsilə mümkündür:

https://www.notiziegeopolitiche.net/azerbaijan-nasce-il-diecimilionesimo-cittadino/